"Əllərində imkan olsa, Allahı axtarışa verərlər ki, bizə xəbərdarlıq eləmədən yağış yağdırmısan"
"Dövlətin ayırdığı pullar hara gedir, kimə gedir? Buna kim cavab verəcək?"
Plansız tikinti prosesləri zamanla ciddi infrastruktur problemlərini üzə çıxarır. Xüsusilə su kollektorlarının üzərində yaşayış evlərinin tikilməsi kimi hallar həm ekoloji, həm də təhlükəsizlik baxımından böyük risklər yaradır. Son günlərdə müşahidə olunan intensiv yağıntılar isə bu cür problemləri gündəmə gətirib.
Bu da mövcud şəhər infrastrukturunun dayanıqlığı sual altına qoyur. Mövzu təkcə təbii hadisələrlə bağlı deyil, eyni zamanda məsul qurumların planlaşdırma, nəzarət və hazırlıq səviyyəsi ilə birbaşa əlaqəlidir.
Ağla isə bir sual gəlir: "Kimdir günahkar, normadan artıq yağan yağış, yoxsa, infrastruktor planlaşdırılması?"
“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli mövzu ilə bağlı fikirlərini Sherg.az-la bölüşüb:
"Başa düşmək çətindir ki, 3 min ev su kollektorunun üzərində tikiləndə şəhər təsərrüfatı hara baxırdı, icra hakimiyyəti nə ilə məşğul idi?
Məsələnin mahiyyəti ondadır ki, bu çox ciddi problemdir. Bu problemin nəticələri sonda yenə dövlət büdcəsinə, yəni xalqın vəsaitinə təsir edəcək. Çünki həmin ərazilərdə yaşayan insanları köçürmək üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalı olacaq. Eyni zamanda, bu insanlar artıq orada məskunlaşıblarsa, onları birdən-birə çıxarıb kənara atmaq mümkün deyil".
Ekoloq bildirib ki, hazırda yaz fəsli ilə əlaqədar intensiv yağıntıların olması normaldır:
"Gələcək illərdə də oxşar və hətta daha güclü yağışların olacağı istisna deyil. Əsas sual isə budur: "Şəhər icra hakimiyyəti, şəhər təsərrüfatı və məsul qurumlar buna nə dərəcədə hazırdır? Yol çəkənlər, körpü, tunel və digər infrastruktur layihələrini həyata keçirən qurumlar bu riskləri nəzərə alıbmı? Mövcud yol ötürücü estakadalar belə hallara davamlıdırmı?"
Əslində məsələ və problem yağışın çox yağması deyil. Kaş ki, yağış həmişə çox olsun. Əsas məsələ şəhər infrastrukturunun bu cür təbii hallara nə dərəcədə uyğun və dayanıqlı olmasıdır".
Müsahibimiz baş verənlərin şəhər infrasturukturunun deyil, normadan artıq yağan yağışın günahı olduğunu hesab edənlərə də fikir bildirib:
"Normadan artıq yağışın yağmasını sadəcə və sadəcə öz işlərini, əməllərini örtbastır eləmək üçün deyirlər. Dəniz kənarında yerləşən şəhərdə infrastruktur düzgün, kanalizasiya sistemi düzgün deyil. Bəlkə muson yağışı yağdı, nə cavab verəcəklər çox maraqlıdır.
Bu cür hallar yaşananda, hər şeyi yağıntının üstünə atmaq istəyirlər. Əllərində imkan olsa, Allahı axtarışa verərlər ki, bizə xəbərdarlıq eləmədən yağış yağdırmısan. Onlar öz səhvlərini demirlər. Ölkə rəhbərliyi qarşısına çıxıb etiraf eləmirlər ki, cənab prezident, cənab baş nazir, biz yarıtmaz çalışmışıq, çəkdiyimiz yollar düzgün deyil.
Bibiheybət yolu çəkilib, lakin bərkitmək işi aparılmayıb. Hər yanda evlər tikilib, çox yerdə kanalizasiya sistemi qurulmayıb. Sual meydana çıxır: "Bəs, hanı dövlətimizin, millətimizin vəsaiti? Ölkə rəhbərimizin ayırdığı pullar hara gedir, kimə gedir? Buna kim cavab verəcək?"
Ölkə başçısı dəfələrlə deyib ki, işinizi düzgün yarıdın. Onlar isə yarıtmırlar. İnfrastruktur düzgün qurulmayıb. Sabunçudakı tuneldə ötən il insanlar ölmüşdü. Hələ də o tünel düzəldilməyib. Yağış günahkar deyil".