Yeni yol xəritəsi cızılır:Türk dövlətləri arasında ticarət dövriyyəsi 70 faiz artıb
Azərbaycan və Qazaxıstan Türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhfə verirlər
Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərindən birini türk dünyası, Mərkəzi Asiya respublikaları ilə siyasət təşkil edir. Bu istiqamətdə bölgənin coğrafi cəhətdən ən böyük, təbii enerji resurslarına görə vacib dövləti Qazaxıstanla münasibətlər xüsusi yer tutur. Azərbaycan və Qazaxıstan xalqları ciddi tarixi sınaqlardan keçərək suverenliklərini qorumağı bacarıb. Bu gün hər iki respublika üçün yeni imkanlar və perspektivlər açılıb. Xəbər verildiyi kimi, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri baş tutdu.
Olduqca məhsuldar keçən səfər zamanı mühüm sənədlər imzalandı. İkitərəfli görüşlərdən sonra mətbuata bəyanat verən dövlət başçıları ölkələrimiz arasında münasibətləri yüksək qiymətləndirdilər. Azərbaycan və Qazaxıstan arasında siyasi müttəfiqlik təhlükəsizlik və suverenlik amilləri baxımından olduqca vacib nüans kimi qeyd edilir. Təsadüfi deyil ki, səfər zamanı Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün işlərə başlanması haqqında qərarlar verilib. Məlumdur ki, hazırda Ukraynadakı müharibə fonunda dünya bazarına çıxmaq üçün Qazaxıstan bəzi çağırışlarla üz-üzə qalıb. Xəzər Boru Kəməri Konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri mövcud olsa da, Aktau-Bakı marşrutu hazırda perspektivli istiqamət kimi qəbul edilir. Artıq bu ildən etibarən adıçəkilən marşrut üzrə nəqlə başlanılıb. Qazaxıstan neftinin BTC ilə nəqli SOCAR və “KazMunayQaz” şirkəti arasında ildə 1,5 milyon ton neftin tranzitini nəzərdə tutan saziş çərçivəsində həyata keçirilir. Qazaxıstan neftinin Avropaya nəqlində Azərbaycanın rolunun artması gələcəkdə Qərbin enerji təhlükəsizliyi üçün Xəzər hovuzunun rolunun daha da artmasına səbəb olacaq. Son bir neçə ildə Azərbaycan və Qazaxıstan arasında dövlətlərin bir-birinə inteqrasiyası və türklük ideologiyasının inkişafı üçün ciddi işlər aparılmaqdadır. Hazırda iki ölkə arasında siyasi tədqiqatçıların, politoloqların dialoqu intensivləşməkdədir. Eyni zamanda ali təhsil müəssisələri və media institutları arasında da əlaqələrə start verilib.
Millət vəkili Vüqar Bayramov "Şərq"ə bildirib ki, son illər Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. Deputatın sözlərinə görə, bu, özünü iki ölkə arasındakı ticarət dövriyyəsində də göstərməkdədir:
"Qazaxıstan ilə dövriyyəmiz ötən il əvvəlki ilə nisbətən 4.4 dəfə artaraq 598 milyon dollaradək yüksəlib. Azərbaycan və Qazaxıstan Orta Dəhlizin reallaşmasına regional töhfə verən ölkələrdəndir. Ötən il hər iki ölkə üzərindən daşınan yüklərin həcmində artım qeyd alınıb. Hər iki ölkə nəqliyyat və logistik infrastrukturunu inkişaf etdirməklə region üzərindən daha çox yüklərin daşınmasına nail ola biliblər. Bütövlükdə, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 70 faiz artıb. Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qazaxıstan Türk dünyasının inkişafına və daha da yaxınlaşmasına xüsusi töhfə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradır".
Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürli bildirib ki, Prezident İlham Əliyev son bir həftə ərzində Orta Asiyanın iki respublikasına səfərə gedib. Aprelin 5-də Tacikistana, aprelin 10-da isə Qazaxıstana. Politoloq deyib ki, hər iki respublika Asiya nəhəngi Çinlə birbaşa sərhədə və oradan keçən yolların üzərində strateji mövqeyə sahib olmaqla yanaşı, həm də Rusiya ilə eyni hərbi ittifaqın – KTMT-nin üzvləridir:
"Hazırda Ermənistanın Avropa İttifaqına qoşulmaq üçün KTMT-dən çıxmaq cəhdlərinin xeyli artdığı və Rusiya ilə münasibətlərinin kəskinləşdiyi indiki ərəfədə Azərbaycanın bu ittifaqa daxil olan ölkələrlə ikitərəfli münasibətlərini istiləşdirməsi Azərbaycan-KTMT münasibətlərinə də yeni və həmişəkindən fərqli məzmun qatır. Məlumdur ki, Nikol Paşinyan hökumətinin etirazlarına baxmayaraq, Rusiya tərəfi KTMT silahlılarının Ermənistanla sərhəddə yerləşdirilməsində israr edir. Elə Paşinyanın aqibəti də xeyli dərəcədə bu qərardan asılıdır. Eyni zamanda, gələcəkdə Azərbaycan ərazisində - Qarabağdakı rus sülhməramlılarının da KTMT silahlıları ilə əvəzlənməsi baş verə bilər. Digər tərəfdən, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gətirilməsi Mərkəzi Asiya respublikalarının öz sərhədlərini qoruması üçün Rusiyaya sığınmaq ehtiyacı yaradır. Nüvə silahı əldə etməyin bir addımlığında olan İranın Cənubi Qafqaz regionunda artan fəallığı, xüsusən də Azərbaycanla gərginləşdirilən münasibətlər Kremlin təklif etdiyi təhlükəsizlik çətirini rəsmi Bakı üçün də xeyli cəlbedici edə bilər. Üstəlik, o amili də nəzərə almalıyıq ki, Rusiya hələlik Qoşulmama Hərəkatında təmsilçiliyə üstünlük verən Azərbaycanı özünün hökmran olduğu Avrasiya İttifaqında, həmçinin KTMT-də görmək istəyini dəfələrlə bildirib. Azərbaycan isə Ermənistanla problemlərin mövcudluğu şəraitində bunun mümkün olmadığını deyib. Əgər Azərbaycan və Ermənistan arasında rəsmi Bakının təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi məhz Rusiyanın vasitəçiliyi ilə baş tutacaqsa, böyük ehtimalla, Azərbaycanın yenidən KTMT-yə cəlb edilməsi prosesi də aktuallaşacaq. Bu halda Rusiya, keçmiş SSRİ dönəmində olduğu kimi, yenidən İranla sərhədlərə özünün nəzarətini bərpa etmiş olacaq".