Polis metroda siqaret çəkən şəxsi cəzalandırdı - VİDEO


Bakı metrosundan istifadə qaydalarını pozaraq vaqonda siqaret çəkənin kimliyi məlum olub.

"Sherg.az" DİN-ə istinadən məlumat verir ki, videogörüntülərdəki şəxsin əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Fərəcullayev Ceyhun Vaqif oğlu olduğu müəyyən edilib. Həmin görüntülər isə 15 iyul 2019-cu il tarixində “28 May” - “Həzi Aslanov” stansiyaları arasında hərəkət edən vaqonda lentə alınıb. Metropolitendən istifadə qaydalarını pozan şəxs saxlanılaraq şöbəyə gətirilib və o, törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib.

Faktla bağlı Ceyhun Fərəcullayev barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 306.4 - metropolitendən istifadə qaydalarının pozulması, keçidlərdə və platformalarda, vaqonlarda siqaret çəkmə maddəsi ilə protokol tərtib edilib və o, cərimə edilib.

DİN vətəndaşlara müraciət edərək bildirir ki, stansiya ərazilərində olan zaman qarşılaşdıqları qanun pozuntuları və digər xoşagəlməz hallar barədə istənilən vaxt Bakı Metropolitenində Polis Şöbəsinə dərhal məlumat versinlər.