“Prezidentin son müşavirəsi əvvəlkilərdən seçilirdi. Budəfəki müşavirədə ancaq sosial-iqtisadi sahəyə cavab verən rəhbər şəxslər toplanmışdı”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən başlayan islahatlara şəxsən özü rəhbərlik və nəzarət edir:
“İl başlayandan etibarən bir çox mühüm sahələrdə dəyişikliyin şahidi olmuşuq. İqtisadiyyatın bütün sahələrində baş verən inkişaf ötən illərə nisbətən fərqlənir. Aparılan islahatlar göstərir ki, Azərbaycan neft-qaz sahəsi ilə bərabər qeyri-neft sektorunun da inkişafında, dövlət büdcəsinə əlavə gəlirin daxil olmasında maraqlıdır.
Yeni zavod və müəssisələrin açılması ilə Azərbaycanda qeyri-ənənəvi iqtisadiyyat formalaşmaqdadır.
Dünyada gedən modernləşmə və qloballaşma ilə ayaqlaşmaq üçün istər dövlət idarəçiliyində baş verən innovativ siyasət, istərsə də xalqın rifahının artırılması üçün ciddi addımlar atılır. Artıq iki böyük sosial-iqtisadi paket dövlət başçısı tərəfindən təsdiq edilib”.
Ekspertin sözlərinə görə, müəyyən sosial qruplar islahatların reallaşmasını böyük səbirsizliklə gözləyir:
“Azərbaycan dövləti daxili siyasətdə əhalinin bütün təlabatını ödəyir, əhalinin çağırışlarını reallaşdırır. Məlumdur ki, geosiyasi çağırışlar durumunda coğrafi cəhətdən kiçik olan ölkələr bir sıra xarici dövlətlərin təzyiqi ilə üzləşir.
Təzyiqlər nəticəsində yerli hökumət istədiyi siyasəti həyata keçirə bilmir. Ancaq Azərbaycanın dünya bankına, beynəlxalq valyuta fonduna demək olar ki, borclu olmaması iqtisadi sahədə uğurlu siyasət aparmağa imkan verir. Təbii ki, bütün bunlar davam edəcək. Prezidentin əsas məqsədi məmurların da dövlət idarəçiliyində aktiv şəkildə rol almasıdır. Bunu bacarmayanların hakim komandanı tərk edəcəyi qaçılmazdır”.