“...Paşinyanın Sarkisyan və Koçaryandan heç bir fərqi yoxdur”

“Paşinyanın son bəyanatı birmənalı olaraq müharibəyə çağırışdır”. 

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Rusif Məmmədsoy deyib. 
Ekspert bildirib ki, İrəvanın güvəndiyi Rusiya hazırda Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə olduqca yaxın əməkdaşlıq içərisindədir: 


“Bu yaxınlığın məntiqi nəticəsi kimi yaxın gələcəkdə “Dağlıq Qarabağ” probleminin də bizim lehimizə həll ediləcəyinə ümid edənlər az deyil. Paşinyan hakimiyyətə gələrkən olduqca çətin vəziyyətdə idi. Bir çox cəbhədə mübarizə aparırdı. Təsadüfi deyil ki, Düşənbə görüşündə də ölkə başçısı İlham Əliyevə məlum məsələ ilə bağlı müraciət etmişdi.
Biz də bunu nəzərə alaraq düşünürdük ki, Paşinyan ölkədəki anti qüvvələri devirdikdən sonra Levon Ter-Petrosyanın yolu ilə gedəcək. Lakin, hadisələr olduqca fərqli məcrada davam etdi. Baş nazirin Dağlıq Qarabağ və ətraf rayonlara mütəmadi səfərləri, Qarabağın gələcək taleyi ilə bağlı səsləndirdiyi yersiz fikirlər bizi bir daha düşünməyə vadar edir. Nikol Paşinyana təzyiqləri nəzərə alsaq, ilkin təsəvvür kimi hakimiyyətini möhkəmləndirməyi planlaşdırdığını düşünə bilərik. Lakin, belə çıxır ki, öncəlik Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan yox, separatçı qüvvələrdir”.
Analitikin sözlərinə görə, əgər Paşinyan hansısa irəliləyiş istəyirdisə, hər şeyə rəğmən yumşaq fikirlər səsləndirməli idi: 
“Əgər ölkədəki sağ kəsimin təzyiqlərindən çəkinəcəkdisə, bir neçə ay öncə səsləndirdiyi "Xalqların sülhə hazırlanması" prosesinə əvvəlcə özü başlamalıdır. Göründüyü kimi Nikol Paşinyanın da Sarkisyandan, Koçaryandan heç bir fərqi yoxdur. Azərbaycan tərəfi mütləq şəkildə Türkiyə ilə danışıqlara başlamalı, ikinci “Aprel döyüşü” təşkil etməlidir. Bəlkə də Paşinyanın bu çıxışının Türkiyənin Yaxın Şərqdə keçirilən hərbi əməliyyatlarla üst-üstə düşməsi təsadüfi deyil”.