Öyrətmə nə?

Cəsarət Əliyev 

Qızıl medal istəyi


(V yazı)

Yaxşı olar ki, Təhsil nazirliyi orta və ali oxuda riyazi proqramların öyrənilməsi istiqamətində öyüd verən kadr bazasının yaradılması üçün institut və universitetlərdə onu ayrıca bir fənn kimi (öncə bəzi fakultələrdə) proqrama salaydı.  Bu, artıq var olan informatika fənninin yeni keyfiyyətdə öyrədilməsi kimi də baş verə bilər.

Beynəlxalq olimpiadanın Azərbaycana (IOI 2019) gəlişi ilə bağlı çox söz deyilməsə də, keçirilməsi gərəyincə işıqlandırılmasa da, sonunda çox sözlər deyildi. Hamısını bir sözdə cəmləsək, bəs bizim öyrənənlər qızıl medal qazanmadılar, dedilər. Hətta belə bir sözü, öyrənənləri hazırlayan öyrədənlər də işlətdilər. Olimpidanın – özü də bu ola riyaziyyat, proqramlaşdırma sahəsində - nəmənəliyini bilməyən, işin içində olmayan kəslər özlərini söz deməkdən çəkindirməliydilər. Ümumiyyətlə götürsək, qadağa deyil, hamı ürəyini boşalda bilər. Uzun illər öncə, universitetdə, öyrənənləri dördüncü kursdan sonra, yayda, iki aylıq hərbi toplantıya çağırırdılar. Çoxumuz bu işi fiziki sağlamlıq üçün yaxşı fürsət bilirdik. Bir dəfə, idman zalında, ağırlığı necə qaldırmaq haqqında tələbə yoldaşıma “göstəriş”lər verirdim. Hansı ki özüm ... Demə mayor Yablonovski məndən arxada dayanıb baxırmış. Dedi ki, mən çox sahədə nəzəriyyəçilər görmüşdüm, amma nəzəriyyəçi ağırlıqqaldıran görməmişdim. Onun bu yumorunda doğru bir baxış vardı: özün bacarmadığını özgəyə necə öyrədə bilərsən?! 

Olimpiada səhnədir. Səhnəyə çıxmaq üçün isə səhnəarxası hazırlıq məktəbi keçmək gərəkdir. Yəni öyrətmə və öyrənmənin hökmranlıq etdiyi bir sürə olmalıdır.  Bax, o öyrənmə prosesinin necə qurulması əsasdır və onun fəlsəfəsində istək “qızıl axtarışı” ola bilməz. Göz önünə gətirin ki, həm məşqlər vaxtı, həm də səhnəyə çıxanda aktyorlar rolu yaşamaq, süjeti gözəl çatdırmaq yerinə yalnız tamaşaçı alqışı ilə havalanan dalğalar üzərində uçmaq haqqında düşünürlər. Uğursuzluq qaçılmazdır. 

O ki qaldı qızıla, o, yarışlar başlanana kimi, olimpiadanı Azərbaycana gətirənlər tərəfindən qazanılmışdı. “Heydər Əliyev” fondu, ADA universiteti, “Rabitə” və Təhsil nazirlikləri Azərbaycanda yeni dünyagörüşünün formalaşması üçün çox iş gördülər. Sadəcə toplum olimpiadanı qarşılamağa hazır deyildi. Əsasən də jurnalistlər bu işi işıqlandırmaq üçün çırağı hansı yandan tutmağı bacarmadılar. Ona görə ki, elmi jurnalistika, onun ayrı-ayrı qolları bizdə nəinki inkişaf etməyib, heç yaranmayıb da. Olimpiadanın Azərbaycanda keçirilməsi xəbəri bəlli olan kimi saytlarda, televiziyalarda olayı işıqlandırmaq üçün onun yaranmasından, keçmişindən, keçirildiyi ölkələrdən, iştirakçı və qaliblərdən, və ən əsası olimpiadaya həll olunmaq üçün çıxarılan məsələlərdən yazılar yazılmalı, iştirakçılar danışdırılmalı, hamının nədən söhbət getdiyini anlaması üçün heç olmazsa bəzi məsələlər olimpiadaçılar tərəfindən göstərilməli idi. Axı bu, Azərbaycanda hamılıqla bu işə marağın artmasına böyük təkan ola bilər(di). Bu iş, “Nəqliyyat, rabitə və yüksək texnologiyalar” nazirlyinin təşkil etdiyi “Azcloud: Hachatan” kimi yaxşı bir yarışmayla da bağlı təkrar olundu. Jurnalist iştirakçılardan nə soruşacağını bilmirdi. Veyl yazırdı ki, bir dəfə bir ədəbiyyatçı qadın ona yaxınlaşıb ünlü alman riyaziyyatçısı Hilbert haqqında kitab yazmaq istədiyini bildirdi. – Axı onun şəxsi həyatı yoxdur. Onun həyatı elm, teoremlərdir. Siz bunu necə edəcəksiniz? – deyərək Veyl qadına kinayə ilə üz tutur. Kitabın əlyazmasını oxuduqda isə ədəbiyyatçı qadın – Ridin nələrə yiyələndiyini görür. Rid Hilberti bir çox riyaziyyatçının edə bilməyəcəyi qədər gözəl cızmışdı. Görün  ədəbiyyatçı qadın belə uğur üçün nə qədər çalışmışdı. İstək olsa bizim jurnalistlər də buna nail ola bilərlər. 

Yaxşı olar ki, TN orta oxuda bu istiqamətdə (riyazi proqramların öyrənilməsi) öyüd verən kadr bazasının yaradılması üçün institut və universitetlərdə riyazı proqramların öyrədilməsini ayrıca bir fənn kimi (öncə bəzi fakultələrdə) proqrama salsın.  Bu, artıq var olan informatika fənninin yeni keyfiyyətdə öyrədilməsi kimi də baş verə bilər. Deyim ki, riyazi proqramlarla iş (quru) informatika, informasiya texnologiyalarını bilməkdən çox riyaziyyatı bilməyi bir yandan tələb edir, o biri yandansa riyaziyyatı öyrədir. Bəli öyrədir! Bu iş kütləvi yayılsa, o, bir fon yaradar və o fondan yüksəkdə dayanmaq artıq yüksək peşəkarlıqdan xəbər verər. O vaxta kimi isə istedadlı gənclərə göz qoyulması yaxşı bir işdir.  Gələcəkdə isə istedadlılar fondan yuxarı qalxmaq üçün çox çalışmağın gərəkliliyini başa düşəcəklər. Dedik ki, riyazi proqramlar həm də öyrədir. Bunun nə demək olduğunu anlamaq üçün konret məsələyə baxaq. Olimpiadanın qalibi Bencəminin (Benjamin Qi) saytına girib görəcəksiniz ki, o, proqramlaşdırmanı dörd fərqli riyazi proqramda aparır, cavabları verir və nəticələri tutuşdurur: hansı yeyin hesablayır? Onu da deyim ki, indiki dövrdə bir dildə (məsələn, “Matematika”da) yaradılan proqram asanlıqla başqa dilə (məsələn, “Java”ya) çevrilə bilir. Bir başqa məsələ ki, hər dilin öz spesifik xüsusiyyətlərindən yararlanmaqla daha yeyin hesablayan proqram yaratmaq olar. Bencəmin eyni işi dörd dildə proqramlaşdırmaqla elə bunu da edir. Bencəminin saytında Eyler-həlləri proyekti (Project Euler Solutions) adı altında gedən problemlər içərisindən ikinci problemi seçək. Problem qiyməti 4 milyondan kiçik-bərabər olan Fibonaççi (Fibonacci) ədədləri içərisində olan çüt Fibonaççi ədədlərinin cəminin tapılmasıdır. Əgər Fibonaççi ədədinin nə olduğunu bilmirsinizsə, onda necə? Məsələn, riyazı proqram olan “Matematika” çox populyardır. Onun öz kitabxanası var. Bəs edər ki, bu kitabxanada Fibonaççi çağırışı edəsiniz. O,  “Fibonaççi” adıyla bağlı nə xəbər varsa hamısını çıxaracaq. Bu xəbərlərdən siz Fibonaççi ədədlərinin nəmənəliyini də, ödədikləri tənlikləri də öyrənə bilərsiniz. Əlbəttə ki bu öyrətmə təkcə Fibonaççi ədədləri ilə bitmir. Bax, öyrədir dedikdə biz bunu qabartmaq istəyirdik.  Bencəmin, problemi “Matematika”nın özü yaratdığı əmrlərdən yararlanmaqla yerinə yetirir. Sizsə, yəni öyrənənlər, elə “Matematika” və ya hər hansı başqa bir proqramda, amma onun imkanlarından (hesablama aparan əmrlərdən) yararlanmamaqla problemi yerinə yetirən proqram yaradın və onu “Matematika”nın öz hesablamaları ilə tutuşdurun. “Matematika”nı ötüb keçdinizmi? Hələ yox? Onda davam edin. Yaxşı, yarışmanı unudun və yalnız proqramı yaratmağa çalışın. Orta oxudan başlayan belə proqramlaşdırma, olsunki sonralar nəinki ali riyaziyyatın, fizikanın, və bəlkədə belə proqramlar içərisində birinci olaraq riyazı biologiyanın da, astrnomiyanın da problemlərini yerinə yetirən “AzMath” proqram-paketinin yaradılmasına gətirəcək və bu yolda siz proqramı ən uğurlu variant alınana kimi dəfələrlə dəyişəcəksiniz.   Deyirlər istəyin hara, mənzilin də ora. Proqramları yaradarkən kodu modula çevirməyə elə sadə məsələləri həll edərkən başlayın. Çox-komponentli proqramları yaradarkən lokal və qlobal dəyişənlərin verilməsində bir yanlışlıq modulun işləməməsinə gətirir, o ki qala komponentlər arasında bağlılığın düzgün qurulmamasına. Hamı üçün deyək ki, modul asılı olmadan işləyə bilən proqram vahididir. Məsələn, hamıya yaxşı tanış olan “Windows” bütövlükdə və onun ayrı-ayrı komponentləri (Word və başqaları) modula misaldır. Deyilənlərin abstrakt xarakter daşımaması üçün konket olaraq bir proqrama baxaq. “MoSoSyBo” (Motion of Solar System Bodies) analoqu olmayan bir proqramdır ki, planetlərlə bərabər onların peyklərinin də fəzada yerişini verir. Azərbaycanda yaradılıb. Hədsiz çox funksiyaları var və onlardan biri Yerə və başqa göy cisimlərinə yaxınlaşan asteroidlərin trayektoriyasını cızaraq toqquşma olub-olmayacağını hesablamağa imkan verməsidir. (Bizdə bu modul indiyə kimi başqa ad daşıyıb və kodu açılmayıb. Adətən belə işlərin kodunu açmırlar, məsələn, Avropa Birliyinin təkidlərinə baxmayaraq Windows bu günə kimi kodu açmayıb. İnternetdə planetlərin yerişini cızan çoxlu proqramlar tapa bilərsiniz. Amma üç ölçülü, siçanla ixtiyari fəza durumuna gətirilərək baxıla bilən, simvolik qurulduguna görə heç bir ədədlər bazasından yararlanmayan proqramla üzləşməyəcəksiniz. Yalnız bu yaxınlarda, bu proqram oğurlanaraq Azərbaycandan kənara çıxarıldıqdan sonra yaradılan və yalnız  bir saytda verilən bənzər  görüntüyə baxa bilərsiniz.  Sızcə ən dəyərli kapitalı – intellektual kapitalı oğurlayaraq ölkədən çıxaran kimlərdir?)  “MoSoSyBo” modul kimi işləyir  və onun əsasında  PLANETARIUM adlanan proqram-cihaz (application) yaradılmışdır. “MoSoSyBo” bütün parametrlərin sonradan daxil edilərək tam yönləndirildiyi bir proqramdır. Belə proqramların öyrənilməsi məktəblilərdə gərəkli işlərin görülməsinə həvəs oyada bilər. Aşağıdakı şəkildə (böyük) planetlərin 2169-cu ildə baş verəcək qarşıdurmasının (bir xətt üzrə düzülməsinin) animasiyası və Mars mərkəzli kordinat sistemində Yer və Günəşin yerişi göstərilib. Peyklərin, yəni Ayın, Fobos və Demosun orbit yarımoxları böyüdülüb ki, onlar astronomik vahidlərlə verilən animasiyada görünsünlər (astronomik vahid AU ilə işarə edilir və qiyməti 150 milyon kilometrə yaxındır). Planetlər 179 ilə yaxın və Jose dövrü adlanan bir periodla bir xətt boyunca düzülürlər. Sonuncu belə düzülmə 1990-cı ildə baş verdi. 
   

             
(Ardı var)