“Parlament başqadır, orada ziyalı təbəqə oturmalıdır”

Məmməd Əlizadə: “Ancaq əgər “ASAN”-ı gənclərə deyil, kommunist ideyasını daşıyan yaşlılara həvalə etsəydilər, inanın, orada biabırçı vəziyyət yaranardı”




"Azərbaycandakı bütün siyasi-ictimai təşkilatları toplasaq, hamısının bir yerdə sadəcə 1 milyon üzvü olar. Bu rəqəm Azərbaycan əhalisinin 15 faizini təşkil edir. Əgər bir ölkənin ancaq 15 faizi siyasiləşibsə, deməli, burda əsas qüvvə və söz sahibi bitərəflərdir”.

Bunu Azərbaycandakı siyasi proseslərlə bağlı "Şərq”ə danışan Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri Məmməd Əlizadə deyib. Cəmiyyətdəki proseslər və parlament seçkisi ilə bağlı suallarımızı cavablandıran M.Əlizadə ölkədə siyasi aktivliyin arzuolunan səviyyədə olmadığını söyləyib...

- Seçki öncəsi gənclərin siyasi fəallığının artdığını deyirlər. Siz cəmiyyətdəki aktivliyi müşahidə edirsizmi?

- Elə deyirlər, amma reallıqda iddia edildiyi kimi aktivlik yoxdur. Son aylarda ümumiyyətlə, yaşlı nəsillə gənclər arasında böyük qarşıdurma yaşanır. Bir neçə partiya daxilində də bunu müşahidə edirik. Fikrimcə, siyasi aktivlik məsələsini konkret parlament seçkisi ilə bağlamaq düzgün deyil. Sadəcə parlamentdə təmsil olunan yaşlı deputatların yenidən namizədliklərini irəli sürməsi gənclərdə müəyyən narazılıq yaradıb. Seçki müstəvisində gedən əksər söz-söhbətlər parlamentdə təmsil olunan yaşlı deputatların yenidən mandat uğrunda mübarizə aparmasından və gənclərin buna etiraz etməsindən qaynaqlanır. Aktivlik dedikləri şey budur.

- Parlamentdə gənclərin təmsil olunmasını istəyirsinizmi?

- Sözün düzü, istəmirəm. Azərbaycanda icraedici mexanizmlərdə gənclərin daha çox təmsil olunması müsbət haldır. Biz hər dəfə deyirik ki, gənclərə idarəetmə orqanlarında yer vermək lazımdır. Amma parlamentdə yox, çünki Milli Məclis qanunverici orqandır. Qanun verən adamlar böyük təcrübəyə malik olmalıdır. Bir misal çəkim, fikir verirsizmi, "ASAN” xidmətdə çalışan gənc nəsil dövlət orqanlarındakı neqativ halların aradan qaldırılmasında necə böyük nailiyyətlər əldə etdilər. Əgər "ASAN”-ı gənclərə deyil, kommunist ideyasını daşıyan yaşlılara həvalə etsəydilər, inanın, orada biabırçı vəziyyət yaranardı. Ancaq parlament başqadır. Qanunverici orqanda ziyalı təbəqəni təmsil edən insanlar oturmalıdır. Biz ötən çağırışlarda Məclisdə təmsil olunan gəncləri gördük. Heç adlarını çəkməyə də ehtiyac yoxdur. Həmin gənclər parlamentə nə verdilər? Heç nə. Amma yaşlı və orta nəsil içərisində parlamentə xeyir verən xeyli vəkillər var. Məsələn, böyük məmnuniyyətlə, Səməd Seyidovun adını çəkə bilərəm. Məncə, parlamentdə onun kimi adamlar çox olmalıdır.

- Axı parlamentdəki yaşlı deputatların hamısı səmərəli hesab olunmur. Etiraz doğuran amil də iş görməyən və danışmayan adamların 20 il ərzində Milli Məclisdə oturmasıdır...

- Razıyam. Bilirsiz, kimya elmində "doymuş məhlul” anlayışı var. Bu məhlul müəyyən müddət keçəndən sonra heç bir reaksiyaya girmir və öz effektini itirir. Parlamentdəki yaşlı deputatların bəziləri "doymuş məhlula” çevriliblər. Onların nəinki cəmiyyətə, dövlətə, heç özlərinə də xeyirləri dəymir. Düzdür, 20-25 il parlamentdə oturmaq olmaz. Mən "parlamentdə yaşlılar əyləşməlidir” deyəndə iş əmsalını itirmiş qocaları nəzərdə tutmuram. Yetkinləşmiş müdrik şəxsləri, faydalı alim və ziyalıları nəzərdə tuturam.

- Mühüm icraedici orqanların gənclərə həvalə edilməsi müəyyən problemlər yaratmazmı?

- İcraedici strukturlarda çalışan şəxslərin, xüsusən bəzi nazirlərin və nazir müavinlərinin gənc olmasını səmərəli hesab edirəm. Amma tibb və təhsil nazirliklərini gəncləşdirmək olmaz. Çünki bu iki sahənin müasir səviyyəyə qalxması və inkişaf etməsi həmin qurumların başında təcrübəli adamların durması ilə mümkündür. Təcrübəsi isə illərlə qazanılır.

- Sizcə, parlamentdə ancaq hüquqşünaslar olmalıdır, yoxsa digər peşə sahiblərinə də yer verilməlidir?

- Milli Məclisdə bütün sahələrin nümayəndələri təmsil olunmalıdır. Çünki istənilən peşəni ən yaxşı bilən həmin sahənin mütəxəssisləridir. Hər şeyi hüquqşünasların belinə yükləmək olmaz. Eyni zamanda jurnalistlər də parlamentə düşməlidir. Çünki demokratiyanın yolunu hamarlayan təbəqə media nümayəndələridir. Əsas problem odur ki, bizdə parlamentə seçkilər majoritar qaydada keçirilir. Proporsional seçki sistemində qələbə qazanan partiyalar və ya ictimai təşkilatlar parlamentə müxtəlif sahələr üzrə ixtisaslaşmış üzvlərini göndərirlər. Bu zaman parlamentdə bütün ixtisaslar üzrə ekspertlər olur.

- Builki parlament seçkisində iştirak etmək fikriniz varmı?

- Yox, fikrim yoxdur. Çünki buna hazır deyiləm. Ciddi sosial bazam yoxdur. İnanmıram ki, Azərbaycanda hansısa şəxs elə-belə gedib namizədliyini versin və səslərin çoxunu qazanıb deputat seçilsin. 2012-ci ildə son dəfə DADP-dən seçkiyə qatılmışam. Ondan sonra heç bir siyasi fəaliyyətlə məşğul olmuram. Yenidən hansısa partiyada təmsil olunmaq fikrim də yoxdur. Sadəcə, mətbuatda politoloq kimi çıxışlar edirəm və müstəqil siyasətçi kimi fəaliyyət göstərirəm.

- Təsis etdiyiniz partiya seçkidə iştirak qərarı verib...

- Xəbərim var, partiya sədri Əlisahib Hüseynovla bu yaxınlarda danışdım. Mənə dedi ki, parlament seçkisində iştirak etmək istəyirlər. Amma belə bir məsəl var, deyirlər "birlikdə xeyir, ayrılıqda əzab vardır”. İki-üç yerə parçalanmış DADP seçkidə uğur qazana bilməz. Hesab edirəm ki, DADP mütləq birləşməli və birlikdə fəaliyyət göstərməlidir. Çünki kiçik "DADP”lər dövlət qurumları və ictimaiyyət tərəfindən qəbul olunmur.

- Parçalanmış tərəfləri bir araya gətirmək təşəbbüsü göstərmisinizmi?

- Yox, sözün açığı, elə ciddi bir təşəbbüsüm olmayıb. Çünki bunu bir müdaxilə kimi görmüşəm və onların işinə qarışmamışam. Həm də istəmirəm, parçalanma prosesində adım hallansın. Ona görə də qarışmamaq qərarı almışam. Ancaq bir təsisatçı olaraq DADP-nin indiki vəziyyəti məni çox narahat edir.

İsmayıl