Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, analitik Arzu Nağıyev də ölkəsindən qaçaraq Azərbaycana sığınan erməni siyasətçi Vaan Martirosyandan danışıb. Ekspert "Şərq”ə bildirib ki, bu gün V.Martirosyan kimi müxalifət liderinin özünə düşmən saydığı və müharibə şəraitində olan Azərbaycandan siyasi sığınacaq istəməsi Ermənistanın istər iqtisadi, istərsə də siyasi tənəzzülə uğradığını bir daha sübut edir.
Onun sözlərinə görə, V.Martirosyanın ölkəsindən qaçması və Azərbaycana sığınması Ermənistanın imicinə ağır zərbədir: "Təsəvvür edin ki, daim iqtidar tərəfindən təqiblərə məruz qalan bu siyasətçi öz qərarını sona çatdıra bilibsə, bu artıq Ermənistan rəhbərliyini dərindən düşünməyə vadar edir”.
Müsahibimiz söyləyib ki, Ermənistan vətəndaşlarının kütləvi şəkildə Azərbaycana gəlmək istəyi səbəb və məqsədlərindən asılı olaraq tək siyasi məsələlərlə deyil, digər amillərlə, o cümlədən iqtisadi problemlərlə də bağlı ola bilər: "Düşünürəm ki, baş verənlərdən sonra Ermənistan hakimiyyəti təmas xəttində və sərhədyanı bölgələrdə nəzarəti gücləndirəcək və xüsusi xidmət orqanları başqa iş rejiminə keçəcək. Çünki ermənilər kütləvi şəkildə əks tərəfə can ata bilərlər. Hesab edirəm ki, bu gün Ermənistan vətəndaşlarının və ya Dağlıq Qarabağda yaşayan ermənilərin həddən artıq böyük hissəsi Azərbaycanda yaşamağa üstünlük verərdilər”.
Ayyət Əhməd