Azərbaycan diplomatlarının yol verdikləri nöqsanlarla bağlı cəzaların əhatə dairəsi genişləndirilir. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Diplomatik xidmət haqqında” qanunun 11.2 maddəsinə əlavə təklif edilir.
Azərbaycan Prezidenti tərəfindən təqdim olunan təklifdə bildirilir ki, "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.
Maddənin hazırkı variantı belədir: "Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik
xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər”. "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” hissəsi 11.2 maddəsinin əvvəlinə əlavə edilir. Əlavədən sonra 11.2 maddəsi belədir: "Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının və olduqları dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, diplomatik xidmət əməkdaşlarının rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilərlər”.
Layihə sentyabrın 30-da Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Millət vəkili Zahid Orucun sözlərinə görə, qanunvericilikdə "Diplomatik xidmət haqqında” qanunun sərtləşməsi başadüşüləndir. Hətta millət vəkili müzakirələr zamanı sözügedən təklifi müdafiə edəcəyini də vurğulayıb:
"Azərbaycanda diplomatik xidmət son 20 ilin göstəricisi deyil. Buna qədərki dövrlərdə də Xarici İşlər Nazirliyi və həmin sahədə çalışan insanlar, onların beynəlxalq proseslərdə iştirakı, diplomatik rank və s. anlayışlar mövcud olub. Amma bunun milli qanunvericilik halında təsdiqini biz görməmişdik. Ötən dövr ərzində bu bazanın təkmilləşməsi üçün atılan addımları da anlayışla qarşılamaq lazımdır”.
Z.Orucun sözlərinə görə, "Diplomatik xidmət haqqında” qanunun sərtləşməsi ilə bağlı təkliflər müəyyən mənada son illər ərzində bəzi diplomatlarımızın casus ovuna məruz qalması, beyinlərinin yuyulması və onlardan ölkəmiz əleyhinə siyasətdə istifadə olunması kimi təşəbbüslər rol oynaya bilərdi. Amma düşünmürəm ki, qanun konkret fərdlər üstündə qəbul olunur: "Diplomatik fəaliyyətdən kənar olan insanların hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil işçilərinin fəaliyyət normalarını pozmağa görə məsuliyyət varsa, eyni tələblər diplomatlara da şamil olunmalıdır. Əlbəttə, müəyyən mənada diplomatların toxunulmazlıq hüququ var və bunu hər kəs qəbul edir. Bu, ilk növbədə dövlətin özünə lazımdır. Bütün hallarda azərbaycanlıların xaricdəki fəaliyyəti ölkəmizin maraqlarına xidmət edir. Amma biz şahidi oluruq ki, diplomatlarımız bir sıra hallarda çox ciddi və kobud qanun pozuntularına yol verirlər. Təbii ki, onlar da insandır, biz bunu da nəzərə almalıyıq. Belə olan halda atılan addımların yol verilən nöqsanlara nə dərəcədə adekvat olması sual altındadır. Ancaq dövlətin milli maraqları baxımından diplomatlar digər şəxslərə nisbətdə daha ehtiyatlı olmalıdır. Təbii ki, diplomatik fəaliyyətdən kənarlaşıb müstəqil bir vətəndaş olaraq hansısa siyasi, ictimai, iqtisadi fəaliyyətə başlaya bilər. Amma bunları diplomatik mandatla paralel şəkildə aparması yolverilməzdir. Bir sıra hallarda bu immunitet ayrı-ayrı adamların ölkə əleyhinə casusluğa cəlb olunmasına səbəb olur. Çox təəssüf ki, diplomatlarımız müəyyən mənada təsir altına düşürlər. Xatırlayırsınızsa, cənab Prezident ilin əvvəllərində keçirdiyi müşavirələrin birində siyasi komanda üzvlərindən və ya diplomatik heyətdən ayrı-ayrı insanların kəşfiyyat inhisarlıq, beyinlərə hücum səbəblərindən öz yollarından sapdıqlarının anonsunu vermişdi. Sonradan bunlar da öz təsdiqini tapdı. İndi kimin özünü hansı ideologiya ilə pərdələməsindən asılı olmayaraq öz ölkəsinin immunitetinə sığınmayıb, başqa dövlətin qanadları altına girirsə, tarixdə həmişə çox acınacaqlı şəkildə həyatdan gediblər. Biz görmüşük ki, tanklar üzərində xarici ölkələrdən müxtəlif inqilabi proseslərlə öz ölkəsinə qarşı mübarizəyə qoşulanların aqibətini. İndi bir çoxları düşünəcək ki, mən burada Azərbaycan tarixində böyük rolu və yeri, ədəbi gücü, siyasi çəkisi olan Nəriman Nərimanovu nəzərdə tuturam. Ancaq bu heç də belə deyil. Onun aqibəti tamamilə fərqli bir müzakirənin obyektidir”.
Şəymən