Müəllifi dəstəklədilər

Cənablar, sakit olun, dərsliyin mətnində qüsur yoxdur




Tərbiyəli bir insanın danışıq etiketini əks etdirən başqa bir nümunə ilə yan-yana təqdim edilmiş bu şəkildəki dialoqda axı tənqid ediləsi nə var?!

Son günlər orta məktəb dərsliklərinə dair mətnlər sosial şəbəkələrin başlıca müzakirə mövzusuna çevrilib. Demək olar ki, hər gün bir şəbəkə istifadəçisi övladının məktəb dərsliyindəki mətnin şəklini çəkib, "uşaqlarımıza tədris olunan mətnlər budur” kimi ironik başlıqla sosial şəbəkələrdə yayır. Və əksəriyyət də həmin kitabın müəllifini, eyni zamanda Təhsil Nazirliyini tənqid atəşinə tutur.

Belə mətnlərdən birini də jurnalist həmkarımız, Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev öz "facebook” profilində paylaşıb. Mətni oxucularımıza olduğu kimi təqdim edirik.

Həsən və Mehti söhbət edir:

- Alə, axşam gedey gezmeyə

- Hara, brat?

- Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarıq

- Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlığlarım var. Allah haqqı, evdə məni nadayet eliyiblər. Oxu, oxu... lap adamı təkərə salırlar eyy..

- Karoçi, gedirsən, getmirsən?

- Yox da, qırıl, dedim, dərsə gedirəm.

Şübhəsiz ki, bu mətni qeyri-peşəkarlıq və savadsızlıq nümunəsi kimi dəyərləndirənlərlə yanaşı, onu müsbət qiymətləndirənlər də var. Məsələn, filologiya elmləri namizədi Yadigar Cəfərli "facebook” profilində sözügedən mətni təqdir edib: "Günlərdən bəri sosial şəbəkələrdə dolaşan bu şəkil, guya, hansısa "Azərbaycan dili” dərsliyinə ictimai tənqid ovqatını əks etdirir. Amma mahiyyətinə varanda, bunun zarafat, lağlağı, həmin şəkildəki jarqonla ifadə etsək, "mırt tutmaq” üçün daim mövzu axtaranlar, tapmayanda da o mövzunu yox, yerdən özləri yaradanlar üçün yeni fürsətdən başqa bir şey olmadığını görürsən. XIX əsrin sonu, XX əsrin əvvəllərində Qori müəllimlər seminariyasını bitirib insanları maarifləndirməkdən ötrü məktəblərə gedən müəllimlərin belə şəbədəçi insanların əhatəsində nə çəkdiklərini bircə Allah bilir. Onların halını duymaq istəyən "Qəm pəncərəsi” filmindəki dərs epizoduna baxsın. Şura hökumətinin yaratdığı savadsızlıq kurslarına zorla yazdırılmış nənə və babalarımız da bu kursların gənc müəllimlərinin başına min bir oyun açarlarmış.

İndi isə sosial şəbəkələrin yaratdığı qorxulu bir fəsadla üz-üzəyik. Toplum özünü informasiyaya təslim edib. Aramsız informasiya axını beyinləri yuyur, beynin təhlil qabiliyyətini silib aparır. İnformasiyalarla zarafatlaşmaq məqamı gələndə çox az adam düşünmək, aldığı informasiyaları tutuşdurub, doğrunu yanlışdan ayırmaq istəyir. Normal, tərbiyəli bir insanın danışıq etiketini əks etdirən başqa bir nümunə ilə yan-yana təqdim edilmiş bu şəkildəki dialoqda axı tənqid ediləsi nə var?! Dərslik müəllifi, ümumiyyətlə, təhsil-tərbiyə sistemi məktəblilərə bu cür tərbiyəsiz danışıq jarqonundan çəkinməyi bəs necə təlqin etməlidir?!

İsmayıl Şıxlının xalqımızın mənəvi dünyasının güzgüsü olan "Dəli Kür” əsərindən gətirilmiş vulqarizmləri illərdir sosial şəbəkələrdə ələ salanlardan görəsən neçəsi o əsəri axıra qədər oxuyub?! Bu mövzuda tənqidi yazılardan birində, Allah qoymasa, jurnalist olacaq adam o əsərin baş qəhrəmanlarından - Cahandar ağanı Kamandar ağa kimi təqdim etmişdi. Və nəhayət, nitqində "bomba”, "dibil”, "təkərə düşmək”, "özünü tanıyan oğlan”, "razborka” kimi jarqonlar işlədərkən övladına irad tutan, daha səhmanlı danışmağı öyrətməyə çalışan neçə valideyn tanıyırıq?!

Əgər bizdə hamı, hər kəs bu cür nümunələrə gülürsə, dərsliklərdə belə materialların verilməsini qəzəblə qarşılayırsa, əcəba, bəs küçədə-bacada kəlməbaşı jarqonla danışanlar, söyüşdən ictimai yerlərdə də adi danışıq norması kimi istifadə edənlər haradan çıxırlar?! Bəlkə əvvəlcə öz övladlarımıza normal danışmağı öyrədək?!”

Y.Cəfərlinin bu statusuna əks reaksiyalar da verilib. Bakı Dövlət Universitetinin müəllimi Məti Osmanoğlu Y.Cəfərlinin fikirlərinə narazılığını ifadə edib. Bu müzakirəni də olduğu kimi diqqətinizə çatdırırıq:

M.Osmanoğlu: Müəllim, küçə ilə məktəbi fərqləndirmək lazımdır. Məktəb elə tərbiyə verməlidir ki, küçədə bu cür danışıqları eşitməyək. Bunun haqq qazandırılacaq tərəfi yoxdur!

Y.Cəfərli: Əziz müəllimim, Məti müəllim. Şərhiniz, illər əvvəl bizə oxuduğunuz mühazirələr kimi mənim üçün yenə də çox dəyərlidir. Amma bir dil-ədəbiyyat müəllimi, dilin leksik fondunda xüsusi yer tutan vulqarizmləri, varvarizmləri, jarqonları, arqoları şagirdlərə nümunəsiz bəs necə anlatsın? Dərslik bir normadır, meyardır. Əgər bir danışıq tərzinin yanlışlığı dərslikdə düzgün nümunə ilə müqayisə işığında göstərilirsə, bu, zəki şagird üçün ömürlük norma müəyyənləşdirir.

M.Osmanoğlu: Niyyət çox yaxşıdır və anlaşılandır. Ancaq niyyətin yerinə yetirilməsi həssas yanaşma tələb edir. Bunu əvvəl müzakirə edib sonra qərar vermək olardı.

Mətnlə bağlı tənqidlərə münasibət bildirən kitabın müəlliflərindən biri Samirə Bektaşi söyləyib ki, 8-ci sinfin Azərbaycan dili dərsliyi yazılmamışdan əvvəl standartlar müəyyən edilib və kitablar auditoriyanın səviyyəsi nəzərə alınaraq hazırlanıb: "Uşaqların özləri ilə danışıb həmin sözləri dərsliyə saldıq. Yəni, həmin sözlər təsadüfən kitaba salınmayıb”.

S.Bektaşinin sözlərinə görə, dərslik yazılarkən uşaqların bugünkü danışığını götürüb onları müasir formada dərsliyə köçürmək qərarı verilib: "İstəmişik ki, məktəblilərin gözəl nitq danışığını formalaşdıraq. Mətn demək olar ki, eyni məzmundadır. Mətnin sonunda da tövsiyə etmişik ki, lazımi söz və ifadələrdən nitqinizi təmizləyin. Əsas iş müəllimin üzərinə düşür ki, şagirdə hansı danışıq dilində danışmağı öyrədəcək. Bu yolda şagirdlərin nitq fəaliyyətini və mədəniyyətini öyrətmək üçün düzgün istiqamət seçmişik”.

O, həmçinin qeyd edib ki, dərsliyi yazarkən qabaqcıl ölkələrin təcrübəsi ilə maraqlanıblar: "Misal olaraq, Moskvada 6-cı sinifdən bu kimi jarqonlardan istifadə olunur. Niyə Azərbaycanda bundan qaçmalıyıq? Halbuki, yeniyetmələrimiz adi danışıqlarında bu sözlərdən istifadə edirlər”.

Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev vurğulayıb ki, hazırda şagirdə nitq fəaliyyətinin öyrədilməsini hədəf seçiblər: "Dərslikdə canlı danışıq dilində istifadə olunan sözlər yer alıb. Bu da şagirdə danışıq və davranışda bir mədəniyyət anlayışını öyrədir. Mətndən görünür ki, kobud və adi məişət dilində danışan şagird tənbəl şagirddir. Biri küçədə gəzməyə üstünlük verirsə, digəri oxumağa maraq göstərir. Bu cür danışıq hər kəs tərəfindən qəbul olunmayan danışıqdır. Şagirdə də məhz bu öyrədilir. Bəziləri hesab edir ki, müəllif mətni bura təsadüfən, yanlış olaraq salıb. Mətn dərsliyə standartlara uyğun olaraq salınıb. Həmin dərsliklər nazirliyin və TQDK-nın kifayət qədər ekspertizasının nəzarətindən keçir. Azərbaycan dili və ədəbiyyatı mütəxəssisi olaraq həmin fənlərin dərsliklərini diqqətlə oxuyuram. Dil elə hadisədir ki, burada nəyisə haradasa işlətməyi heç kimə qadağan edə bilmərik. Ona görə də cəmiyyət bilməlidir ki, bu kimi sözlər adi həyatda səsləndirilir”.

Ayyət Əhməd