Onlar da jurnalistikamıza töhfə verməlidirlər

Jurnalistlər daha çox yeni təyin olunan mətbuat xidməti rəhbərlərinin işindən razıdır



Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq borcumuz olsa da, hərdən informasiya əldə edərkən çətinliklərlə üzləşirik. Jurnalistlər bu problemi daha çox dövlət qurumlarının mətbuat xidmətləri ilə yaşayırlar.Təbii ki, jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri əsas ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin də yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Elə onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Təəssüf ki, Azərbaycanda bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır.

(...əvvəli ötən sayımızda)

Yəni dövlət qurumlarında birbaşa mətbuat nümayəndələri ilə sıx əlaqələrin yaradılması üçün yaradılan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları jurnalistlərlə yaxın olmaq əvəzinə, onların telefon zənglərinə cavab vermir, suallarına ümumilikdə bir neçə cümlə ilə cavab verir, yaxud da ümumiyyətlə cavab vermir.

Belə ki, orqanların mətbuat xidmətlərinin işləməməsi və yaxud işləyirmiş kimi görünərək jurnalistləri "başdan etməsi” heç kimə sirr deyil. Jurnalist məlumat əldə edir, əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün təbii ki, sözügedən qurumun mətbuat xidmətinə müraciət edir. Cavabında telefonlar ya sönülü olur, sönülü olmasa da, cavab verən olmur, bəziləri isə "sualınızı "e-mail”imizə göndərin, rəsmi cavab verək” deyir. Elektron poçta suallar yazılıb göndərilir və iş saatının sonuna kimi gözü poçt ünvanında qalır. Cavab isə bir neçə günə gəlir, ancaq vaxtında verilməyən cavab kimə və nəyə lazımdır? Aidiyyəti qurumdan cavab ala bilməyən jurnalist də əlində olan məlumatı ya risk edib yayır, ya da hazırladığı materialın üzünə baxa-baxa qalır, hansı ki, məlumat cəmiyyət üçün çox lazımlıdır və onu vaxtında vermək lazımdır.

Ölkədə elə idarə və təşkilatlar da var ki, rəhbərini tapmaq mümkündür, mətbuat xidmətinin əməkdaşını tapmaq isə mümkün deyil.

Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Media ilə işləmək, jurnalistləri maraqlandıran suallara cavab vermək isə onlarlıq deyil. Bunun nəticəsidir ki, jurnalistlər hər hansı bir məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar.

Multimedia Mərkəzinin sədri Osman Gündüzün qənaətincə, problemin həlli üçün məsələyə köklü yanaşmaq lazımdır: "Bu problemin yaranmasında günahı təkcə dövlət orqanlarının mətbuat xidmətlərində axtarmaq lazım deyil. Hazırda dövlət orqanlarında informasiya ilə əlaqəli iki qurum fəaliyyət göstərir. Bunlardan biri mətbuat xidmətləri, digəri isə informasiya şöbələridir. İnformasiya şöbəsi dövlət qurumlarında olan və açıqlanması məcburi olan informasiyanın istehsalı ilə məşğul olmalıdır. Mətbuat xidmətləri isə cari fəaliyyətlə bağlı xəbərləri yaymalıdır. Qanunun tələblərinin yerinə yetirilməməsi məsuliyyətsizliyin nəticəsidir. Təklif edirik ki, informasiya verməkdən imtina ilə bağlı qanunvericiliyin tələbləri sərtləşdirilsin və cərimələrin miqdarı artırılsın. Hazırda həmin cərimələrin miqdarı çox aşağıdır və cərimələr artırılsa, müəyyən irəliləyişə nail olmaq mümkündür”.

"Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılov:

"İşlədiyim mətbuat orqanında adətən ictimai-siyasi, sosial və bəzən də iqtisadi mövzularda yazılar hazırlayıram. Bu zaman mövzu ilə bağlı aidiyyəti dövlət qurumlarının da mövqeyini öyrənmək zərurəti yaranır. Təcrübəmdən çıxış edərək deyə bilərəm ki, XİN, DİN, Müdafiə, Vergilər, İqtisadiyyat və Sənaye nazirliklərinin, "Azərsu”, "Azərqaz”, "Azərişıq” Səhmdar Cəmiyyətlərinin, Metropolitenin, icra hakimiyyətləri arasında Binəqədi İcra Hakimiyyətinin, ali təhsil müəssisələri arasında BDU, Azərbaycan Dillər Universiteti, Naxçıvan və Gəncə Dövlət Universitetləri, Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat əlaqələndiriciləri jurnalistlərin sorğularını vaxtlı-vaxtında cavablandırırlar. Onlarla bağlı hər hansı problemim, peşə fəaliyyətimlə bağlı ünvanladığım suallara cavab ala bilməməyim yadıma gəlmir. Ancaq elə vaxtlar da olur ki, məsələn, hər hansı şikayət xarakterli yazı ilə bağlı onlara müraciət edirəm. Qarşı tərəf hadisənin araşdırılması üçün vaxt lazımdır deyəndə, onları da anlayışla qarşılayıram. Çünki qarşımdakı da insandır və baş verən hadisədən məndən qabaq xəbər tuta bilməməsini normal hesab edirəm. Bundan əlavə, əgər jurnalistin məqsədi cəmiyyətə doğru-düzgün informasiya çatdırmaqdırsa, qarşı tərəfin də məsələni araşdırması və əhatəli cavab verməsi üçün şərait yaratmalıdır. Bir çox hallarda jurnalistlərin suallarının gec cavablandırılmasını məhz bununla əlaqələndirərdim.

Amma hansısa mətbuat katibi jurnalistin sorğusunu ümumiyyətlə cavablandırmırsa, bu artıq başqa yanaşmadır. Qanunvericiliyə görə, müvafiq vaxt ərzində mətbuat katibi jurnalistin sorğusunu cavablandırmalıdır.

Bu, onun birbaşa vəzifəsidir. Bəzən olur ki, hansısa mətbuat katibi şikayətlənir ki, gün ərzində o qədər jurnalist müraciət edir, mən çatdıra bilmirəm, yaxud bunların hamısına cavab verməli deyiləm və s. Amma həmin adam anlamalıdır ki, bu sorğulara cavab vermək onun borcu və vəzifəsidir. Əks halda, Qanunvericiliyin tələblərini pozur”.

Həmkarımızın sözlərinə görə, jurnalistlərin sorğusunun cavablandırılmaması həm də sorğunun ünvanlandığı dövlət qurumu rəhbərinin öz işinə və mediaya münasibətinin göstəricisidir: "Çünki əgər mətbuat katibi hətta qanunla müəyyən edilmiş vaxt ərzində də jurnalistin qanuni sorğusunu cavablandırmırsa, yaxud telefonunu söndürür, zənglərə cavab vermirsə, deməli, onun rəhbərliyi mediaya açıq deyil. Öz təcrübəmdə belə hallara rast gəlmişəm.

Redaksiyamıza edilən şikayətləri araşdırarkən müvafiq icra hakimiyyəti orqanları ilə əlaqə yaradıb onların da hadisəyə münasibətini öyrənmək istəmişəm. Nəsimi və Sabunçu rayon icra hakimiyyətlərində sualımı dinləyəndən sonra bir-iki saata təkrar əlaqə saxlamağımı, cavab öyrənməyimi xahiş ediblər. Ancaq sonradan gün ərzində ictimaiyyətlə əlaqələrə məsul şəxsə nə qədər zəng vursam da, telefonunu açmayıb. Yaxşı və ya pis mətbuat katiblərinə gəlincə, mediayla əlaqələrə məsul şəxslər olduqlarından, onlar da bizim həmkarlarımız sayılırlar. İstəməzdim ki, onları - həmkarlarımı yaxşı və ya pislər kateqoriyasına ayırım. Sadəcə mənə yaradılan fürsətdən yararlanıb onlara müraciət etmək istərdim ki, heç bir halda mediadan qaçmasınlar. Çünki biz də hər hansı məsələyə aydınlıq gətirməklə əslində onların işinə dəstək vermiş olur, yaranmış hər hansı problemin aradan qalxmasına töhfə veririk. Digər tərəfdən, hər hansı icra qurumunun media əlaqələndiricisi başa düşməlidir ki, jurnalistin sorğusunun cavablandırılmaması, susqunluğun özü də bir münasibətdir, həmin qurumun mövqeyidir. Amma bu mövqe heç bir halda o quruma dividend gətirmir”.

Jurnalist Sevinc İltifatqızı isə daha çox yeni təyin olunan mətbuat katiblərinin işindən razı olduğunu deyib: "Bakı Metropoliteni”nin yeni mətbuat katibi Nəsimi Paşayev, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti Əmrah Fəqanoğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev, Milli Məclisin mətbuat xidməti Akif Təvəkküloğlu, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, Təhsil Nazirliyindən həm Cəsarət Valehov, həm Billurə xanım çox yaxşı işləyirlər.

Amma narazı olduqlarım çoxdur. Nəqliyyat Nazirliyinin mətbuat xidməti Namiq Həsənov nə vaxt zəng edirsən, deyir xəstəxanadayam. Eləcə də Xarici İşlər Nazirliyi, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsindən məlumat almaq çox çətindir. Müdafiə Nazirliyinin yeni mətbuat katibinə dəfələrlə zəng edirsən, nə sualına cavab verən olur, nə də zəngə cavab verən.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti Elnur Nağızadənin adını isə xüsusilə qeyd etmək istəyirəm. Çox yaxşı işləyir, məlumatları operativ ötürür və hər zaman zənglərə cavab verir. Rabitə və Yüksək Texnologiyalar nazirinin mətbuat xidməti Müşfiq müəllim ən yaxşılardan biridir. Nə zaman lazım olsa, istənilən informasiyanı verir.

Ümumiyyətlə isə, daha çox yeni təyin olunan mətbuat xidmətlərinin işindən razıyam. Yaxşı cavab verir və sualları cavablandırırlar. FHN-ə yeni təyin olunan mətbuat katibi Oqtay Bayramovun da ümidimizi yarıda qoymayacağına inanıram”.

A24.az saytının əməkdaşı Müşfiq Abdullanın da razı və narazı olduğu mətbuat xidmətləri var. Onun sözlərinə görə, Dövlət Dəmiryol İdarəsinin, Xarici İşlər Nazirliyinin, Baş Prokurorluğun, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətləri jurnalistlərlə yaxşı işləyirlər: "Nəqliyyat Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Namiq Həsənovu isə tapmaq mümkün deyil. Son vaxtlar Müdafiə Nazirliyi Sovet dövrünün direktivləri ilə işləyir. Halbuki, Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti sualları daha rahat cavablandırır. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli isə yalnız maaş alır”.

(davamı var...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb