Kəlbəcəri yenidən itirdik...

Elşad Eyvazlı


Məmməd Aslan vəfat etdi! Məmməd Aslan haqq dünyasına qovuşdu!

Allahın qisməti! Allahın alın yazısı!

Bu itki ilə də razılaşmalıyıq. Razılaşmamaq gücümüz yox!

Amma Məmməd Aslan itkisi yalnız Məmməd Aslan itkisi demək deyil.

Kəlbəcərsiz günlərimizdə bizim üçün o, bir Kəlbəcər idi. Başdan-ayağa Kəlbəcər. Anadan necə doğulmuşdusa, eləcə də qalmışdı. Bizi Kəlbəcrsiz qoydu! Kəlbəcəri yenidən itirdik!


Dədəmlə bir sinifdə oxumuşdu. Hər dəfə Məmməd əmi ilə danışandan sonra onda o qədər Kəlbəcər kəşf edirdim ki..

Hər dəfə də gedib bunu dədəmdən soruşurdum. Cavab hər dəfə eyni olurdu: "Məmməd heç dəyişmədi. Necə doğuldusa, eləcə də qaldı”.

Məmməd Aslandan yazmaq şəxsən mənim gücümdə deyil. O, söz ilə özünün heykəlini çoxdan qoydu!

Təkcə Azərbaycanda deyil, bütün türk dünyasında Məmməd Aslanın nəhəng-nəhəng heykəlləri var.

Məmməd əmi bir Kəlbəcər idi bizim üçün! Məğrur, mətin! Dağ, qaya kimi!

Ömrünün son anlarında belə, o, xəstə halında dostlarının qarşısına çıxmaq istəmədi. Onların yaddaşında xəstə kimi deyil, elə Kəlbəcər kimi qalmaq istədi...

Nə zaman zəng edirdiksə, gəlməyin, yaxşıyam, deyirdi.

Ancaq sonuncu telefon danışığımız heç yadımdan çıxmaz.

Dədəmi soruşdu. Uşaqlıq illərini xatırladı. Kövrəldiyini hiss etdim.

Uşaqlıq illərindən xeyli danışdı...

Danışmışdıq. Sabah Zaqatalaya onun ziyarətinə gedəcəkdik. Tale qismət etmədi.

Məmməd Aslan başdan-ayağa Kəlbəcər idi. Biz Kəlbəcərin iyini ondan alırdıq. Biz indi yalnız Məmməd Aslanı itirmədik. Kəlbəcəri yenidən itirdik.

Görün hələ dünyanın düz vaxtı, mərhum şairimiz Məmməd Aslanın dostu Ənvər Rza onun barəsində nə yazıb...

Bu şəhərdə mənim üçün

Dəlidağın zirvəsisən
Bu şəhərdə mənim üçün.
Bir qaranquş sürbəsisən
Bu şəhərdə mənim üçün.

Nəğmə-nəğmə boy atmısan,
Mən yatanda oyatmısan.
Dastanımsan, bayatımsan
Bu şəhərdə mənim üçün.

Söz ömründən gün əymisən,
Qan-tər töküb gen əymisən,
Kəkotulu güneyimsən
Bu şəhərdə mənim üçün.

Eynəyimin şüşəsisən,
Sözdə Fərhad tişəsisən,
Maraluçan meşəsisən
Bu şəhərdə mənim üçün.

Bildir oldum yad ünvanlı,
Dağla oldum bildir qanlı
Bir dərəsən baldırqanlı
Bu şəhərdə mənim üçün.

Qoşma, təcnis mayasısan,
Sözü sözlə yuyasısan.
İstisuyun qayasısan
Bu şəhərdə mənim üçün.

Sinəm-çəmən, gəl becər sən,
Qışda çiçək, gül biçərsən.
Müxtəsəri, Kəlbəcərsən
Bu şəhərdə mənim üçün.

Sənin əvəzini kimsə verə bilməyəcək Məmməd əmi. Kəlbəcərin ətrini biz kimdən alacağıq?
Belə suallar bizi çox əzəcək... Çətin bu kimi suallara cavab tapaq.
"Ağla, qərənfil, ağla!” deyirdin Məmməd Aslan!
İndi bu qərənfillər sənə də ağlasın! Sən də şəhidsən! Kəlbəcərini görmədən ölmək, Kəlbəcərində dəfn olunmamaq... sənin üçün bundan böyük dərd yox idi!

Allah sənə rəhmət eləsin, Məmməd əmi!