Tərtərdə törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Qətli törədən Fərid Zeynalovun əmisi Elçin Zeynalov APA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, ailəsi F. Zeynalovun nikahdan kənar qadınla yaşamasından dünən xəbər tutub: "Dünən Tofiqə Qurbanovanın valideynləri kəndə gələrək Fəridin onların qızı ilə qeyri-rəsmi nikah münasibətlərində yaşadığını bildirdi. Məlum oldu ki, Fərid 3-4 aydır, bu qızla birgə yaşayır. Bu evlilikdən xəbərsiz olmuşuq. Hər şey bundan sonra başladı. Biz istəyirdik ki, məsələni qanunu yolla həll edək. Lakin Fərid söhbət etmək məqsədilə Tofiqəni də götürərək həyətə düşdü. Bir müddət sonra isə Fərid Tərtər rayon Polis Şöbəsindən evə zəng edərək Tofiqəni həyətdə boğaraq öldürdüyünü, polisə təslim olduğunu dedi. Fəridin həyat yoldaşı məsələdən xəbər tutan kimi uşaqlarını da götürüb atası evinə gedib”.
Tərtər Rayon Prokurorluğundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
***
12:25
Tərtərdə qətl hadisəsi baş verib. Lent.az-ın Report-a istinadən xəbərinə görə, rayonun 29 yaşlı sakini Zeynalov Fərid İntiqam oğlu bir neçə gün əvvəl evlənmək məqsədi ilə qaçırdığı 19 yaşlı Qurbanova Tofiqə Məhəmməd qızını öldürüb.
Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F. Zeynalov ailəli olub və qaçırdığı T. Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib. Onlar bir yerdə yaşayıblar. Bu gün isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F. Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.