Arzu Səmədbəylinin 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmayıb. Bu barədə qərar DSK-nın bu gün keçirilən iclasında qəbul olunub. DSK Arzu Səmədbəylinin müdafiəsinə verilən 547 imzadan 154-nü etibarsız elan edib. Məlumatı "Basta” əməkdaşına Müsavat başqanının müavini Elman Fəttah verib.
DSK öz qərarını Seçki Məcəlləsinin 59.13 maddəsinin tələblərini pozaraq verib. İmzaların yoxlanması ilə bağlı işçi qrupunun protokolu namizədə və ya onun səlahiyyətli nümayəndəsinə DSK-nın həmin məsələyə baxacağı iclasından azı 24 saat əvvəl təqdim olunmalıdır. Ancaq imzaların yoxlanması ilə bağlı işçi qrupunun protokolu Müsavat partiyasının səlahiyyətli nümayəndəsinə iclasdan cəmi 2 saat əvvəl təqdim edilib. Protokolda iddia edilən pozuntuların araşdırılmasına vaxt tanımadan DSK-nın qəbul etdiyi qərar Seçki Məcəlləsinin kobud şəkildə pozulmasıdır.