Böyük Britaniyanın "Financial Times”qəzeti Türkiyənin siyasi gündəmi və bölgədə davam edən gərginliklə bağlı analitik məqalə dərc edib. Qəzet seçki öncəsi sosioloji sorğu nəticələrinin 7 iyundan fərqli olmadığını, Türkiyənin sürətlə xaosa sürükləndiyinin aydın işarələri göründüyünü yazır.
"Financial Times” iddia edir ki, ölkədə prezident idarəçiliyinin tətbiq edilməsi ilə bağlı gərginlik, Suriya sərhədində yaşananlar, kürd probleminin yenidən alovlanması, toplumun qütbləşməsi, dəyərdən düşən türk lirəsinin iqtisadiyyatı dayanıqsız hala gətirməsi Türkiyədə sabitlik və təhlükəsizliyi böyük sual altında qoyub.
Müəlifin prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin idarəetmə sistemini faktiki olaraq dəyişdirdiyini, onun məsələni konstitusiya müstəvisində də tamamlamaq üçün AKP-nin 400 millət vəkilinə sahib olmasını açıq dilə gətirdiyini vurğulayır:"CHP ilə koalisiya qurmaq cəhdləri nəticəsiz qalandan sonra prezidentin dəstəkçiləri erkən seçki elan etdilər. Əslində hakim komandan koalisiya qurulması üçün digər siyasi qüvvələrə şans vermədi və bu cəhdlərin hamısı Rəcəb Tayyib Ərdoğanın kölgəsində qaldı”.
Qəzet iddia edir ki, kürdlərin sıx yaşadığı güney və güney-doğu bölgələrindəki gərginlik Ərdoğanın "Kobani təslim oldu, olacaq” sözlərindən sonra başlayıb: "Kobani xilas oldu, ancaq aradan çox keçmədən Türkiyənin güney-doğu bölgəsində geniş üsyanlar başladı. Prezident Ərdoğan isə iyun ayından bəri öz səlahyyətlərini genişləndirməklə və daha geniş səlahiyyətlər əldə etməyə zəmin yaratmaqla məşğuldur. Onu tənqid edənlərə qarşı cinayət işi açılsa da son illər Türkiyədə avtoritar idarəetməyə etiraz mitinqlərinin sayı sürətlə çoxalır”.
"Finansial Times”ə görə, Türkiyənin yaxın zamanlarda hökumət qura bilməsi də sual altındadır. Çünki 1 noyabr seçkilərinin nəticələrinin 7 iyun seçkilərinin nəticələrini təkrarlayacağı ehtimalı son dərəcə yüksəkdir. (Musavat.com)