Qarabağ münaqişəsi yaxın vaxtlarda həll oluna bilər

Amma Rusiyanın hərəkətlərində qeyri-ardıcıllıq hiss olunur




Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. O, "Şərq”ə bildirib ki, Moskva bu məsələnin tənzimlənməsinin vacibliyini dərk edir.

Çünki problemin həlli ilə Azərbaycanı öz tərəfinə çəkə, ölkəmizi Avrasiya İttifaqına və digər qurumlara cəlb edə bilər. Bu da Rusiyanın regionda mövqeyini xeyli gücləndirə bilər: "Münaqişənin həllinə çalışan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya yeni variantla gəlmişdi. Rusiya bu məsələdə maraqlı tərəfdir. S.Lavrov dəfələrlə deyib ki, bu məsələni həll etməyin vaxtı çatıb. Təxmini olaraq 1 ildir ki, münaqişəyə dair danışıqlar prosesi başlayıb. Hətta Kreml ümidverici vədlər verir. I Avropa Oyunları ərəfəsində Rusiya tərəfindən Dağlıq Qarabağ problemin həllinə dair plan Azərbaycan tərəfinə təklif edilib. Həmin plan Azərbaycan tərəfindən diqqətlə incələndikdən sonra müəyyən arzu, təkliflər və qeydlər Rusiyanın nəzərinə çatdırılıb. Daha sonra hər iki ölkənin xarici işlər naziri iki dəfə Moskvada görüşüb. Hətta S.Lavrov bu yaxınlarda məsələ ilə bağlı yenidən Azərbaycana gəldi. O, Bakıya Putinin arzusu ilə gəldiyini, onun sifarişlərini gətirdiyini bildirdi. Məlum oldu ki, bu dəfə məsələnin həllinin yeni variantını gətirib. Bu variantda bir çox məsələlər var. Amma bu, yalnız Dağlıq Qarabağın statusuna aid deyil. Çünki söhbət sırf 7 rayonun azad edilməsindən gedir. Amma Rusiyanın hərəkətlərində qeyri-ardıcıllıq var. Rusiya bir tərəfdən problemin həllinin vaxtının çatdığını deyir. Digər tərəfdən isə Gürcüstanı qorxudur, onun ərazisindən keçməklə Ermənistana dəmir yolunun yenidən işə salınması variantı üzərində işləyir. Xəzər dənizində isə özünün hərbi dəniz donanmasının manevrlərini keçirir. Adətən bu manevrlər Azərbaycan ordusu irimiqyaslı hərbi təlimlər keçirən zaman olur”.

Ekspert hesab edir ki, Azərbaycan ordusu Rusiyanın verdiyi vədlərə baxmayaraq, hər zaman döyüş hazırlığı vəziyyətində olmalıdır: "Rusiyanın nə vaxtsa bizə mərhəmət göstərib torpaqlarımızın geri qaytarılması işini təşkil edəcəyini gözləməməliyik. Biz öz torpaqlarımızı azad etmək üçün ordumuzu yüksək döyüş hazırlığı vəziyyətinə çatdırmışıq. Azərbaycan ordusu bu saat qarşısına qoyulan bu vəzifənin öhdəsindən gəlməyə qadirdir. Amma Azərbaycan ordusu öz ərazilərini azad edərkən Ermənistanda yerləşən rus qoşunları neytral qalıb məsələyə qarışmamalıdır. Bu məsələ haqda da Rusiyadan hələlik tam təlimat alınmayıb. Çünki Rusiya müharibə variantını rədd edir. Məsələni sülh yolu ilə çözəcəklərini deyir. Amma hər halda Azərbaycan barıtı quru saxlayır. Hər an döyüş olacaq kimi ordunu döyüşə hazır vəziyyətdə saxlayır. Hətta Rusiyanın Cənubi Qafqazda iştirakını Dağlıq Qarabağ probleminin bu cür dondurulmuş vəziyyətdə saxlamasının şahidi oluruq”.

Müsahibimiz münaqişənin yaxın vaxtlarda həll oluna biləcəyini də qeyd edib: "Bu məsələdə illərdən söhbət gedə bilməz. Yaxın aylarda problem öz həllini tapa bilər. Belə ki, yaxın aylarda bu məsələnin bütün üfüqləri və perspektivləri aydınlaşacaq. O zaman məsələ ilə bağlı daha dəqiq məlumatlar deyə biləcəyik”.

Ayyət Əhməd