Metropolitendə dəmir pul qıtlığı yaşanır. Dünən metronun "Xalqlar Dostluğu” stansiyasında kağız pulu xırdalamaq üçün kassaya yaxınlaşan sərnişinlərə "xırda pul yoxdur” cavabı verilirdi. Sərnişinlər əllərində manatlıq o tərəf bu tərəfə boylanır, hara, kimə müraciət edəcəklərini bilmirdilər.
Sərnişinlərdən biri isə əsəbiləşib "böyüyünüz kimdi, onu çağırın! Belə biabırçılıq olar, biz indi nə etməliyik? Metroya minməyək?!” deyə səsini ucaltmışdı. Nəzarətçi xanım sərnişinin "od püskürdüyünü” görüb böyüklərdən kimisə çağırtdırdı. "Rəis” turniketin o biri başında görünən kimi, xanım əlindəki 1 manatlıq əskinazı onun qarşısına "çırpdı”: "al, pulumu xırdala!” "Rəis” də söz altda qalmadı: "Biz dilənçi deyilik. Mənə niyə verirsən, pulu?” Xanım lap özündən çıxdı: "Bəs kimə deyək? Kim xırdalamalıdır, bunu? İşə gecikirəm. Deyirsiz, xırda pul yoxdur. Niyə yoxdur? Hara gedib bankomata atılan xırda pullar?” Dava qızışdıqca xırda pul gözləyən sərnişinlərin də sayı artırdı. Məsələ getdikcə uzanırdı. Kimsə 20 qəpiklik axtarırdı, bəzisi də kartda gediş haqqı olanlardan onu da turniketdən keçirməyi xahiş edirdi. "Rəis” isə öz növbəsində yaranmış problemə aydınlıq gətirməyə çalışırdı: "Bank xırda pul gətirməyib. Səhərdən zəng edib, demişik. Deyirlər, gözləyin, gətirəcəyik. Bizim nə günahımız var? "BakıKart”lara keçəndən problemlər yaranıb. Əvvəllər metro kartla idi, gediş haqqını özümüz qəbul edirdik, xırda pulumuz da olurdu. İndi vəziyyət dəyişib. Təzə aparatlar quraşdırılıb, biz müdaxilə edə bilmirik. Hələ növbəti ayın birindən kassalar ümumiyyətlə, işləməyəcək. Kassirlər də olmayacaq. Bu xanım (əli ilə kassiri göstərir - red.) 25 ilin işçisidir. Qalacaq işsiz. Tək qadındı. Nəylə dolanacaq? Deyirlər, daha işçiyə ehtiyac yoxdu. Aparatlar işləyir”. Kassir xanım da, nəzarətçi də sərnişinləri sakitləşdirməyə çalışırdılar. Onların sərnişinlərə "gedin, pulu xırdalayın, gəlin” məsləhəti isə bəzilərini lap hövsələdən çıxardı. Sərnişinlər "niyə biz harasa gedib, pul xırdalamalıyıq? Metroda daha bu xidmət yoxdursa, əvvəlcədən xəbərdar edin, biz də işimizi bilək...”
Nəzarətçi xanım isə gərginliyi azaltmağın yolunu sərnişinləri turniketlərdən pulsuz keçirməkdə görürdü və bir neçə sərnişini beləcə "yola saldı”. Əslində, metroda yaranmış bu vəziyyət stansiyaların Azərbaycan dili ilə yanaşı, ingilis dilində səsləndirilməsi ilə tərs-mütənasiblik təşkil edir. Görəsən, London metrosunda da xırda pul problemi olur?
Yaranmış problemlə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, bankdan dəmir pulların gətirilməsində gecikmələrin olması mümkündür:
- Kassir kağız əskinazları xırdalamayıbsa, deməli, həqiqətən də həmin vaxt kassada xırda pul olmayıb. Belə vəziyyət adətən, bankdan xırda pulların gətirilməsində gecikmələr olduqda yaranır. Yəqin ki, bank pulun gətirilməsini gecikdirib.
Oktyabr ayından etibarən kassaların ləğv ediləcəyi xəbərinə gəlincə, N.Paşayev bu barədə rəsmi qərar olmadığını dedi:
- Hazırda bununla bağlı məlumata malik deyiləm. Bu barədə hələ ki, rəsmi xəbər yoxdur.
N.Paşayev metroda pul xırdalayan aparatların quraşdırılacağı barədə də məlumatsız olduğunu dedi:
- Doğrudur, pul xırdalayan aparatlar var. Amma bizdə hələ ki, bu aparatlardan yoxdur.
İqtisadçı Natiq Cəfərli isə metroda xırda pul çatışmazlığının mümkün həll yollarının mövcud olduğunu bildirdi:
- Gediş kartları bütün dünyada tətbiq olunur. İstər avtobuslarda, istərsə də metroda. Bu, tək Azərbaycanda görünməyib ki, problemdən çıxış yolu da tapılmasın. Dünya ölkələri bu məsələni çox asanlıqla həll edirlər. Kartlara gediş haqqı yükləyən aparatlar olduğu kimi, dəmir pul və ya kağız əskinaz qəbul edən, həmçinin pulun qalığını da, istər kağız əskinaz, istərsə də, dəmir pul şəklində qaytaran aparatlar mövcuddur. Sərnişin rahatlıqla pulunu aparata ötürür, qalıq istəyirsə, buna uyğun lazımi əməliyyatı yerinə yetirir, aparat da pulun qalığını qaytarır. Sovet vaxtı 10 qəpikliyi, 20 qəpikliyi xırdalayıb 5 qəpiklik verən aparatlar var idi. Müasir dünyada hər cür texniki vasitələr icad edilib, praktikada da tətbiq olunur. Sadəcə, "BakıKart” aparatları quraşdırılan zaman gələcəyə düzgün hesablanma aparılmayıb, xırda pul probleminin ortaya çıxacağı nəzərdən qaçırılıb. Əgər həqiqətən də, yaxın zamanda kassalar ləğv ediləcək, kassir ştatı ixtisara düşəcəksə, əslində, bu ehtimal reallığa çox yaxındır, çünki iqtisadiyyatın optimallaşdırılması prosesi gedir, bu şəraitdə də ixtisarların olacağı labüddür. Belə şəraitdə əhali əziyyət çəkməsin deyə, aparatlara da yeni əməliyyatlar yüklənməlidir. Mən yeni aparatların alınmasından danışmıram, çünki bu, büdcəyə baha başa gələr. Amma mövcud aparatlara lazımi əməliyyatları yükləmək tamamilə mümkündür və asan da bir işdir. Bu işin mütəxəssisləri var, onları dəvət edib, pul xırdalayan, pulun qalığını qaytaran əməliyyatları aparatlara yükləmək olar. Əlaqədar qurumlar bunu düşünməlidir ki, əhali əziyyət çəkməsin. Həqiqətən də, metroya minmək istəyən vətəndaş niyə dağa-daşa düşüb, pul xırdalamalıdır? Metroda bütün bu xidmətlər işlək vəziyyətdə olmalıdır.
Məlahət Rzayeva