“İndiki etapda mənə məğlubiyyət olmaz. Biz yolumuzu davam edəcəyik”
"Bir nəfər də olsa, parlamentdə Borçalı kökənli adam oturmalıdır”. Bu barədə "Şərq”ə "Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Onun sözlərinə görə, hazırda Milli Məclisdə Borçalı kökənli millət vəkili yoxdur: "Gürcüstan hökumətini ittiham edirik ki, bu ölkə parlamentində təmsil olunan azərbaycanlı deputatların sayı niyə 3-dür? Bunu nədən 10-a qaldırmırlar? Amma Azərbaycan parlamentində nəinki 3, heç 1 yer ayırmırlar”.
Hansısa siyasi partiya funksioneri olmadığını deyən həmsöhbətimiz bəyan edib ki, "Borçalı” Cəmiyyətinin sədri kimi ciddi layihələr ortaya qoyub: "Bu proqram bölgədə barış və sülhə xidmət göstərir. Bu, gürcü və türk millətinin, müsəlman və xristianların daha rahat yaşamasını təmin edəcək bir modeldir. Qafqazın birliyinə aparacaq və soydaşlarımızın Gürcüstanda daha üstün vətəndaş mövqeyinə nail olmasına yardımçı olacaq bir modeldir. Bölgədə vəziyyəti dəyişəcək gücdə olan layihələrdir. Buna rəğmən mənə qarşı ədalətsizliklər baş alıb, gedir. İkili standartlar termini var. Artıq çoxşaxəli standartlar tətbiq olunur. Şəxsən mənim özüm əziyyət çəkənlərdən və yaxud o cür yanaşmanın "qurbanlarından” biriyəm. Ata yurduma buraxılmıram. Mən də türk kökənliyəm, apardığım platformada Gürcüstan və Azərbaycanın milli
maraqlarından çıxış edirəm. Amma Gürcüstan tərəfi yanlışlıq edib, mənim ata yurduma getməyimi yasaqlayır. Əlbəttə, bu, münasibətlərimizə, Qafqazın birliyinə xələl gətirən addımdır. Bu yanlışlıq dəryada damla da olsa, gərək Gürcüstan buna getməsin. Azərbaycan tərəfi də məni himayə etməlidir. Azərbaycan kəşfiyyatı bilir ki, mənim qanundan kənar bir davranışım yoxdur. Azərbaycan və Gürcüstanın milli maraqlarını uzlaşdıran bir platforma reallaşdırırıq. Onminlərlə, yüzminlərlə insan həmin platformada birləşir. Belə olan halda Azərbaycan bizi himayə etməlidir. Söhbət maddi deyil, mənəvi himayədən gedir. Azərbaycan üstümə gələn qarğa-quzğunların dayandırılmasına çalışmalıdır. Təəssüf ki, bunları görmürəm”.
Z.Məmmədli diqqətə çatdırıb ki, bu mərhələdə seçkini uduzmaq olmaz: "Qabağımda əngəl olmasa, seçkidə iştirak edə bilərəm. Sadəcə, təbliğat qurmaq üçün insanlara nəysə demək anlayışı indiki durumda mənim üçün yad prosesdir. Onlarla insan o metoddan istifadə edəcəklər. Məni məğlub edən düşmənlərə sipər olacaq bir mesaj verilməlidir. Belə olan halda halal haqqımla parlamentə gedə bilərəm. Milli Məclisdə olmağım Azərbaycan-Gürcüstan münasibətlərində, ümumiyyətlə, regionda təhlükəsizlik baxımından yeni mərhələ aça bilər. Halal haqqımı bilirəm ki, mənim 33-cü dairədə bu qədər səsim var və bu səslə parlamentdə otura bilərəm. Hər zaman seçkidə iştirakın tərəfdarı olmuşam, lakin əski oyun qaydaları bu seçkilərdə də davam edəcəksə, iştirak etməyəcəm. İndiki etapda mənə məğlubiyyət olmaz. Biz yolumuzu davam edəcəyik. Çox millət vəkili var ki, Z.Məmmədlinin öz çevrəsi ilə xalqa etdiyi xidmətlərin onda birini göstərməyib. Buna rəğmən parlamentdə oturub”.
Z.Məmmədli qeyd edib ki, Azərbaycanda Gürcüstan azərbaycanlıları anlayışı kifayət qədər arxa plana keçib: "Doğrudur, Borçalı kökənli məmurlar var. Amma MM ayrı bir düşərgədir. Mənə elə gəlir ki, "Borçalı” Cəmiyyəti indi Gürcüstan-Azərbaycan dostluq qrupuna rəhbərlik edə bilərdi. Hər halda siyasi sistem bunu düşünməlidir. Sadəcə, 2-3 nəfəri ora yaraşıq kimi qoymaqla iş aşmır. Parlamentə iş görən, qabiliyyətli, siyasi cəhətdən yetkin, parlamentarizmi, dövlətçiliyi dərk edən və onun üçün fədakarlıq göstərən insanlar gələcəksə, bu, Borçalıya və Azərbaycana fayda verə bilər. Yəni deputat iş görməlidir. Fəaliyyəti ilə yadda qalmalıdır”.
Z.Məmmədli onu da əlavə edib ki, gec-tez 33-cü dairədən deputat seçiləcək: "Bu dairədən namizədliklərini irəli sürənlər bilsinlər ki, o dairənin içərisində fəaliyyət göstərirəm. 32 ildir orada əmək fəaliyyəti ilə məşğulam. O dairənin mərkəzindəki poliklinikada işləyirəm. Onların bir daha ehtimallarını doğruldacam. Bu dəfə olmasa da, növbəti dəfə baş tutacaq. Buna inanmıram. Hər halda bu bir tarixdir ki, mən bir sabiq icra başçısı olaraq özümü təsdiq etmişəm. Azərbaycanın parlamentarizmini yüksəltmək üçün 33-cü dairənin millət vəkili Z.Məmmədli olacaq”.
Ayyət Əhməd