Parlament seçkisinə qatılmaq qərarı verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli namizəd olduğu dairənin adını açıqlayıb. Tanınmış media nümayəndəsi 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Artıq seçki ilə bağlı sənədlər BAXCP-nin səlahiyyətli nümayəndəsi tərəfindən seçki komissiyasına təqdim olunub. Xatırladaq ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının namizədi Ağayev Mənsur Rəsul oğludur. Digər müxalifət partiyalarından da 73 saylı Lənkəran seçki dairəsinə iddialı olanlar var. Parlament seçkisində iştirakla bağlı "Şərq”in suallarını cavablandıran baş redaktor şansını yüksək dəyərləndirib...
- Elçin müəllim, doğulduğunuz Lənkəran şəhərindən namizəd olmaq öz təşəbbüsünüzdür, yoxsa partiyadaşlarınız belə məsləhət görüb?
- Mənim hansı dairədə mübarizə apara biləcəyimlə bağlı partiyada müzakirə aparılırdı. Prosesləri nəzərə alaraq, vəziyyəti dəyərləndirərək belə bir qərar verdik. Əslində namizədliyimi 73 saylı Lənkəran dairəsindən irəli sürəcəyim əvvəlcədən qurumda müzakirə olunurdu. Amma prinsip etibarı ilə bütün təkliflər partiyada xüsusi müzakirə predmeti olur və nəticədə son qərar verilir. Yəni dairə seçimi həm mənim, həm də partiyamızın müştərək qərarı əsasında müəyyən edilib.
- Namizəd olduğunuz dairəyə hakim partiya da iddialıdır. Yəqin ki, digər rəqibləriniz də olacaq. Bu baxımdan şansınızı necə dəyərləndirirsiniz?
- Şansı olmayan bir şəxsin ümumiyyətlə seçki prosesinə qatılması doğru deyil. Əlbəttə, gənc yaşlarımda olsaydım, seçkiyə bir məşq kimi baxardım və təcrübə qazanmaq üçün qatılardım. Amma indiki halda əsas məqsədim aktiv şəkildə seçkidə iştirak etmək və uğur qazanmaqdır. Digər namizədlərin çoxunu tanımıram. Onlarla hansısa formada münasibətim, əlaqəm olmayıb. O baxımdan həmin namizədlər haqqında bir şey deyə bilmərəm. Ancaq mənim üçün zəif rəqib anlayışı yoxdur. Bütün namizədləri güclü hesab edirəm. Hər kəsin özünəməxsus əhatə dairəsi və seçicisi var.
- Rəqiblərinizdən fərqli xüsusi bir təbliğat-təşviqat kampaniyası aparmaq fikriniz varmı? Seçicilərlə yaxın əlaqədə olacaqsınızmı?
- Mən artıq 25 ildir Azərbaycan siyasətindəyəm. Bu günə qədər müxtəlif səviyyələrdə həm konkret olaraq 73 saylı Lənkəran seçki dairəsinin seçiciləri, həm də bütövlükdə oxucularım, izləyicilərim mənim fikirlərimlə tanış olublar. Ona görə də hesab edirəm ki, bu məsələdə xüsusi olaraq tanıtıma ehtiyac yoxdur. Əlbəttə ki, fərdi qaydada insanları hər zaman dinləməyə hazıram. Seçki kampaniyası dövründə də seçicilərlə keçirəcəyim görüşlərdə rayon insanlarının problemlərini dinləyəcəm və gələcək fəaliyyətimlə bağlı seçiciləri məlumatlandıracam.
İsmayıl