Xəstə adam, yoxsa təxribat?

Səbailin küçələrinə Leninin şəkillərini yapışdıran adam tapılmayıb




Bakının Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında sovet rejimini təbliğ edən vərəqlər yapışdırılıb. Gecə vaxtı yapışdırılan vərəqlərdə "Tovarihu Leninu”, "SSCR” və "Lenin jil, jiv, budet jit” şüarları yazılıb. Həmin vərəqləri kimlərin yapışdırdığı hələlik məlum deyil.

Şüarları görənlər dərhal Səbail rayonu 9-cu Polis Bölməsinin əməkdaşlarını xəbərdar ediblər. Hadisədən sonra Səbail Rayon İcra Hakimiyyəti Fəvvarələr meydanında divarlara Sovet rejimini təbliğ edən vərəqlərin yapışdırılması məsələsinə aydınlıq gətirib. Qurumun ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır. Onun sözlərinə görə, sözügedən yazıları şüar hesab etmək olmaz: "Bu yazı xəstə təxəyyüllü bir şəxsin kağız üzərində cızdığı əl yazısıdır. Düşünürəm ki, bunu şüar hesab etmək olmaz”. İ.Kərimov hadisənin qeydə alınma səbəbinə də aydınlıq gətirib: "Səbail rayonu mərkəzi rayondur. Mərkəzi rayon olduğundan buranın küçələrindən müxtəlif insanlar keçir. Nə isə yazır və ya asıb gedir. Belə şeylər tez-tez olur”. O vurğulayıb ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları məşğul olur və hansısa bir irəliləyiş əldə olduğu halda bu barədə məlumat veriləcək. Qurum rəsmisi şəxsin kimliyi haqda heç bir məlumatın olmadığını bildirib.

Məsələyə münasibət bildirən politoloq Oqtay Haqverdiyevin fikrincə, bu hadisəyə iki cür yanaşmaq olar: "Birincisi, yumorla yanaşmadır. Ola bilsin ki, kimsə SSRİ-nin qayıtmasını arzulayır və ya sovet rejiminin bərpa olunacağını düşünür. Buna görə də divarlara bu cür yazılar yapışdırır. İkinci yanaşma isə ciddidir. Rusiyada gedən proseslər fonunda orada da belə hallar müşahidə edilir. Eyni zamanda bizim Rusiya ilə münasibətlərimiz intensivləşib, Azərbaycan Rusiyaya daha çox yaxınlaşıb. Bəlkə, bu hadisə də ruslar tərəfindən oynanılan oyundur. Hadisənin əslini bu əməli törədənlərdən öyrənmək olar. Yalnız bundan sonra bilmək olar ki, bu məsələyə ciddi yanaşılmalıdır, yoxsa sadəcə gülüb keçmək lazımdır”. Ekspertin fikrincə, əgər bu, təzyiq məqsədilə edilibsə, cavabı da mütləq verilməlidir: "Nə Azərbaycan xalqında, nə də ki, MDB dövlətlərində Rusiyaya meyl yoxdur. Rusiya tarix boyu ölkəmizə düşmən olub. Regiondakı şəraiti nəzərə alsaq, görərik ki, ətrafımızda ümumiyyətlə dost yoxdur. Elə buna görə də şimal qonşumuzla yaxınlaşmalıyıq”.

Politoloq Fikrət Sadıqov da divarlarda sovet dövrü haqqında şüarları müəyyən ideoloji düşüncənin müdafiəçilərinin yazdıqlarını bildirib: "Bu, insanların düşünülməmiş hərəkətləridir və heç bir sivil normalara uyğun deyil. Mən bu əməlin arxasında hər hansı sistemli qüvvənin olmasına inanmıram. İnsanlar anlamalıdırlar ki, sovet hakimiyyəti süqut edib və onun bərpa edilməsi qeyri-mümkündür. Azərbaycan isə yenidən əsarət altına qayıtmaq niyyətində deyil”.

İsmayıl