Taksi sürücülərindən günü sabahdan 5 manat tələb olunmayacaq

Bu məbləğ ya Tarif Şurasının qərarında rəsmiləşməli, ya da...



Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımaları” MMC-dən verilən məlumata görə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir.

Həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsindən sərbəst istifadə edə bilərlər.

Avtomobil müfəttişliyinin belə bir qayda qoymaq, əlavə xərc almaq səlahiyyəti olmadığını vurğulayan nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib ki, hər nə qədər axtarsaq da, qanunvericilikdə belə bir hala rast gəlməyib: "Onlar uzaqbaşı bu barədə təkliflərini Nəqliyyat Nazirliyinə, oradan da Nazirlər Kabinetinə göndərə bilərlər. Son mərhələdə isə bu dəyişikliyə Milli Məclis qərar verməlidir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda bu tipli ödənişlərin hamısı dövlət rüsumu kimi ödənilir: "Qiymətini dövlət tənzimlədiyi əmtəələr var ki, onların da qiymətini Tarif Şurası müəyyənləşdirir. Üçüncü variant yoxdur. Dövlət Avtomobil Nəqliyyatı Xidməti bu cür açıqlama yayıb deyə, günü sabahdan taksi sürücülərindən 5 AZN vəsait tələb olunası deyil. Bu məbləğ ya Tarif Şurasının qərarında rəsmiləşməli, ya da "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa əlavə olunmalıdır. Bunun üçün də DANX-nin təklifi əsaslandırması lazımdır. Əgər qanunda taksi sürücüləri üçün əlavə duracaq xərci maddəsi öz əksini tapsa, sürücülər də məcbur bu qaydalara uymalı olacaqlar”.

Ə.Hüseynovun sözlərinə görə, bəyanat şəklində olan təkliflərin heç bir halda icrası mümkün deyil. Bunun üçün qanunvericilikdə rəsmiləşdirmə aparılmalıdır: "Həmin təkliflərdə taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməsi məsələsi də öz əksini tapıb”.

Şəymən