Çin dünyada ucuz plastik əşyalardan tutmuş, müasir texnikaya qədər hər şeyi istehsal edə bilən ölkədir. Lakin bu ölkənin ucuz mallar hazırlaması onların beynəlxalq imicinə ciddi zərbə vurub. Azərbaycan daxil olmaqla, bir çox ölkələrdə insanlar üzərində "made in China” yazılan mallardan qaçır.
Çünki onların ucuz qiymətə istehsal etdiyi məhsullar birbaşa insan sağlamlığına təhlükədir. Bu günlərdə məlum olub ki, Çində plastik düyülər də istehsal olunur. Ucuz məhsul əldə etmək istəyən istehsalçılar, düyünü əkməyə ehtiyac görmürlər, onu sexlərdə fabrik üsulu ilə əldə edirlər. Xarici mütəxəssislərin söylədiyinə görə, plastik düyülər tam sintetik olmur. Onun əsasını kartof kraxmalı təşkil edir, az miqdarda plastik isə ona düyü forması vermək üçün istifadə olunur. Bununla belə, yeni məhsulu istifadə edən aşbazlar bildirirlər ki, bu cür düyüdən hazırlanan bir boşqab sıyığı yemək, polietilen paketi udmağa bərabərdir. Tibb işçiləri də bunun çox dəhşətli nəticələr doğuracağını iddia edirlər. Ona görə də plastik Çin düyüsünün Azərbaycanın ərzaq bazarına ayaq açması ölkə ictimaiyyətində ciddi narahatlıqlara səbəb olub.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da "Şərq”ə açıqlamasında qeyd edib ki, vaxtilə ölkəmizdəki mağazalarda süni düyülər çox satılıb və bu proses indi də davam etdirilir: "Belə düyülərin təbii düyülərlə heç bir əlaqəsi yoxdur. Sadəcə, imitasiya olunur və təbii düyünün dadını, qoxusunu verir. Plastik düyü məsələsi gündəmə gələndə AİB monitorinq apardı və məlum oldu ki, həmin düyülər müəyyən standartlara uyğun hazırlanır. Süni düyü hazırlana bilər. Lakin heç bir zaman plastikdən düyü hazırlana bilməz. Bu mümkün deyil. Sadəcə olaraq, nişasta və başqa qarışıqlardan süni düyü hazırlana bilər. Bu da müəyyən olunan standartlara cavab verməlidir. Birmənalı şəkildə qeyd edirəm ki, plastikdən düyü hazırlamaq olmaz. Heç bir dünya ölkəsi buna getməz”.
Ekspert süni və təbii düyünü fərqləndirməyin yollarını da izah edib: "Bu çox asan prosesdi. Onları ayrı-ayrı qazanlarda qızartsaq, təbii və yaxud plastik olmasını asanca ayırd edə biləcəyik.
Çünki plastik düyülər əriyəcək. Bundan başqa, düyünü bir qaba töküb 15 gün gözləsinlər. Düyü cücərməsə, deməli, təbii deyil”.
Ekspertin fikrincə, son zamanlar düyü bazarında problemlər yaşanır: "Hətta qırmızı və sarı düyülər də çıxıb ki, bunlar da geni dəyişdirilmiş düyülərdir. Onlar daha çox Pakistan və Hindistandan idxal olunur. AİB olaraq belə düyülərin satışının əleyhinəyik. Birmənalı şəkildə deyirəm ki, plastikdən düyü hazırlanmaz. Hazırlasalar belə, heç bir ölkə onu alıb, millətinə yedirtməz”.
Ayyət Əhməd