Oktyabr ayında dünya bazarında Brent markalı neftin qiyməti 11 faizə yaxın yüksəlib. Son 10 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekord artımını rəsmiləşdirib.
Ekspertlər dünya bazarında neftin qiymətinin artacağını deyirlər. İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, neftin dünya bazarında qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır: "Neftin qiymətinin artması ölkəyə daxil olan valyutanın həcminin çoxalmasına, büdcə gəlirlərinin yüksəlməsinə, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasına böyük töhfə verəcək”. Ekspert qiymət artımına ABŞ-da açıqlanan iqtisadi göstəricilərin səbəb olduğunu deyib: "ABŞ-da benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barel azalıb. Bu, son bir ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda ABŞ-da hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən, investorların yalnız ABŞ-da deyil, eyni zamanda digər neft bölgələrində də sərmayə qoyuluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir. Digər əsas səbəb isə Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatlıqdır. NATO-nun son münaqişə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatlıq formalaşdırıb”.
İsmayıl