"Düşünmürəm ki, suriyalı qaçqınlar Azərbaycana doğru istiqamət götürsün. Azərbaycana gəlmək üçün Türkiyə və İran üzərindən keçməlidirlər"
Azərbaycana xarici ölkələrdən gəlmiş qaçqın və sığınacaq axtaran şəxslərin sayı açıqlanıb. Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 66-cı sessiyasında çıxışı zamanı deyib ki, Azərbaycan digər ölkələrdən gəlmiş 1500-dən artıq qaçqın və sığınacaq axtaran şəxsə ev sahibliyi edir:
"Bu şəxslərin təqribən yarısı Əfqanıstandan Azərbaycana gəlib. Həmin şəxslər üçün davamlı həll yollarının müəyyənləşdirilməsi və tətbiq olunması məqsədilə Azərbaycan Hökuməti BMT Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə sıx əməkdaşlıq şəraitində məqsədyönlü iş aparır.
BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin birgə təşəbbüsü ilə əlavə himayənin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq dəyişiklik edilməsi üçün prosedur artıq başlanıb. Azərbaycan Respublikasında indiki dövrdə əlavə himayə imkanından yararlanacaq potensial şəxslər məhz Əfqanıstan vətəndaşlarıdır”. Qeyd edək ki, müharibə, münaqişə və təqiblər ucbatından son zamanlar təxminən 60 milyon insan öz yurdunu tərk etməyə məcbur olub. Avropa ölkələri miqrant böhranı ilə qarşı-qarşıyadır. Hətta bəzi ölkələr bu axını dayandırmaq üçün sərhədlərini qaçqınların üzünə bağladılar. Onu da nəzərinizə çatdıraq ki, əvvəllər dünyada qaçqınları yaratmaqda lider olan Əfqanıstan bu xoşagəlməz birinciliyi Suriyaya təhvil verib. 2014-cü ildə Myanmada, o cümlədən Kaçin və Cənubi Şan regionlarında davamlı məcburi köçkünlük və qaçqınlıq halları müşahidə edilib, Rakhayn ştatından olan Rohinya əhalisinin didərginliyi də buraya daxildir. İran və Pakistan dünyada qaçqınlara ən çox sığınacaq verən dörd ölkə arasında qalmaqdadır. Amerika qitəsində də məcburi köçkünlüyün artımı müşahidə olunub. Bəs dünyanın qlobal böhranına çevrilən bu problemə Azərbaycanın yanaşması necədir? Ölkəmiz bu miqrantları qəbul etmək və onlara sığınacaq vermək iqtidarındadırmı? Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hazırkı vəziyyətdə Azərbaycanın xarici qaçqınları qəbul etmək iqtidarında olmadığını deyib: "Əvvəlcə
onu deyim ki, bu miqrantların Azərbaycana gəlmək niyyəti yoxdur. Onlar canlarını qurtarmaq üçün daha çox Avropaya üz tuturlar. Nəzərə almaq lazımdır ki, qaçqınları Avropa dəvət etmir və onlara kömək etməkdə çox da maraqlı deyil. İkincisi də, Azərbaycanın özünün kifayət qədər daxili miqrant problemi var. 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün problemlərini həll etmək əvəzinə, digər ölkələrin məsələləri ilə məşğul olmaq imkanımız yoxdur. Hər halda, hər kəs istəyər ki, ölkəsində sabitlik hökm sürsün, vətəndaşı rahat yaşasın, iqtisadi-sabitlik qorunsun. Böhran şəraitində, 1 milyondan çox qaçqın və məcburi köçkünün, Qarabağ probleminin olduğu vaxtda xarici miqrantlara kömək etmək iqtidarında deyilik”. Musa Quliyev bildirib ki, heç kəs qanunsuz yolla Azərbaycana gələ bilməz: "Ölkədə hər şey qanunla tənzimlənir. Kimlərinsə qeyri-qanuni yolla Azərbaycan sərhədini keçməsinə yol verilmir. Müqavilə, yaxud hansısa işlə bağlı kimsə Azərbaycana gəlirsə, bütün bunlar "Miqrasiya xidməti haqqında” qanunla tənzimlənir”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qaçqınların, xüsusən də bu gün üçün daha aktual olan suriyalı miqrantların bir hissəsinin Azərbaycana gələcəyini istisna edir: "Suriyada neçə illərdir, davam edən və bu günlərdə yenidən qızışan vətəndaş müharibəsi nəticəsində hələlik 8 milyona qədər insan ölkədən didərgin düşüb. Onlar da müxtəlif ölkələrdə sığınacaq tapmağa çalışır. 2 milyon miqrant Türkiyədə yerləşib. 1 milyon Livan və İordaniyadadır. İndi isə suriyalı qaçqınlar daha çox Avropa ölkələrinə üz tutur. Bunu da orada sosial vəziyyətin yaxşı olması ilə əlaqələndirirlər. Düşünürlər ki, Avropaya getməklə orada həm siyasi vətəndaşlıq ala bilər, həm də sosial cəhətdən təminatlı olarlar. Amma bunun da belə olacağını söyləmək çətindir. Bu da Avropada qaydaların sərt olması ilə bağlıdır. Halbuki, Türkiyə 2 milyon qaçqını qəbul etməklə bərabər hamısını da yerləşdirib. Vətəndaş müharibəsinin yeni fazaya daxil olması ilə bu ölkədən qaçqınların sayı arta və onlar başqa istiqamətlərə yönələ də bilərlər. Bununla belə düşünmürəm ki, suriyalı qaçqınlar Azərbaycana doğru istiqamət götürsün. Azərbaycana gəlmək üçün Türkiyə və İran üzərindən keçməlidirlər. İran isə bildiyimiz kimi Bəşər Əsəd rejimini dəstəkləyir. Qaçqınların çoxu isə Əsədə müxalif olan insanlardan ibarətdir. Bu səbəbdən də qaçqınların Azərbaycana gəlib çatacaqlarını mümkün hesab etmirəm. Vaxtilə Əfqanıstandan da müəyyən qaçqınlar gəlib Azərbaycana sığınmışdı. Amma onların da sayı 100 nəfəri belə keçmirdi. Suriyada soy-kökümüz bir olan türkmən yaşayır. Onların bir hissəsini isə qəbul edə bilərik. Onların bir qismi Azərbaycanda sığınacaq almaq istəsə, bu müraciətlərə müsbət cavab vermək olar”.
Şəymən