Yeni Azərbaycan Partiyası parlament seçkilərinə "Yeni hədəflərə doğru” şüarı ilə gedəcək. Bununla bağlı artıq partiyanın proqramı hazırlanıb və bukletlər şəklində çap olunub. Bukletlər təbliğat-təşviqat kampaniyası müddətində seçicilərə çatdırılacaq.
YAP-ın deputatlığa namizədləri üçün vahid plakatlar da hazırlanıb. Namizədlər üçün hazırlanan plakatlar sadəcə üzərlərinə vurulan dairələrin nömrələri ilə fərqlənir. "Şərq” digər partiyaların da seçki şüarı ilə bağlı araşdırma aparıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) seçki şüarı artıq hazırdır. Bu barədə partiya sədri, millət vəkili Fərəc Quliyev məlumat verib. Sədr deyib ki, MDHP seçki platformasına uyğun olaraq təbliğat-təşviqata başlayıb: "Bizim seçki şüarımız - "Milli dirçəliş naminə biz gəlirik”dir”.
Ana Vətən Partiyası (AVP) da seçki şüarını müəyyən edib. Partiya sədri Fəzail Ağamalı deyib ki, AVP-nin seçki şüarı "Müstəqil, demokratik Azərbaycan, güclü dövlət, firavan məmləkət”dir.
Ümid Partiyası sədr müavini Ramin Hacılı da qurumun şüarını açıqlayıb. R.Hacılının bildirdiyinə görə, Ümidin şüarı "Sizinləyik”dir.
"Azadlıq 2015” seçki bloku isə hələlik öz şüarını müəyyən etməyib. Bu barədə məlumat verən blokun seçki qərargahının rəhbəri Bəybala Əbil deyib ki, yaxın iki-üç günə seçki şüarı hazır olacaq.
İsmayıl