“O uşaqlar bizə təhsil almağa gələcəksə...”

Nazir Mikayıl Cabbarov uşaq bağçalarından narazılıq edir
Nizami Cəfərov: “Qanun da elədir ki, tədricən uşaqların təhsili bağçadan başlayırsa, bağça Təhsil Nazirliyinin səlahiyyətləri daxilində olmalıdır”


Əjdər Ağayev: "Uşaq bağçalarında təhsil, təlim və tərbiyə məsələləri birbaşa Təhsil Nazirliyinin öhdəsində olmalıdır”




Təhsil Nazirliyi uşaq bağçaları uğrunda mübarizə aparmaq istəyir. Nazir Mikayıl Cabbarov çıxışlarından birində məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətindən narazılıq edib:
"Uşaqlar birinci sinfə oxumağa gələnə qədər təhsil bilikləri zəif olur. Bu biliklər uşaqlara məktəbəqədər təhsil müəssisələrində öyrədilir. Düzdür, uşaq bağçaları bizim tabeliyimizdə deyil. Amma o uşaqlar bizə təhsil almağa gələcəksə, biz həmin müəssisələrlə əməkdaşlığı davam etdirməliyik ki, nəticələr qənaətbəxş olsun. Yalnız Bakı şəhərində mövcud infrastrukturdan istifadə etməklə minlərlə şagirdə məktəbəqədər təlim imkanını yaradırıq. Bu, gələcəkdə də davam etdiriləcək və layihə dəstəklənməlidir”. Çıxışdan görünür ki, nazir eyhamla danışır və uşaq bağçalarının işini qənaətbəxş saymır, bununla da sanki, "bağçaları bizdən aldınız nə oldu? Uşaqlar ibtidai sinfə hazırlıqsız gəlir” deyərək çarxı geri döndərmək - uşaq bağçalarının yenidən nazirliyin tabeliyinə qaytarılmasını istəyir.

"Uşağı ona görə

bağçaya qoyurlar ki...”

Qeyd edək ki, nazirin umu-küsüsünü haqlı sayanlar da var. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov Modern.az-a deyib ki, birinci növbədə uşaq bağçalarının maddi təminatı yaxşı olmalıdır:

- Bu, mühüm məsələdir, uşaq bağçalarında uşağın yeməyi, içməyi, yatmağı, istirahəti yaxşı təşkil olunmalıdır. Çünki valideyn uşağını ora qoyur ki, uşağa onun baxdığı qədər və ya ondan da yaxşı baxılsın. Görünür, bu prinsiplə məktəbəqədər təhsil müəssisələri icra hakimiyyətlərinə verilib. Çünki Təhsil Nazirliyi səviyyəsində uşaqlara baxmaq mexanizmi yox idi. Əgər Təhsil Nazirliyinə uşaqları maddi baxımdan təmin etmək imkanları yaradılarsa, o zaman uşaq bağçaları onlara verilməlidir. Amma orada uşaqlara baxmaq məsələsi hələ də problem olaraq qalır. Uşaqların intellektinin inkişaf etdirilməsi, onlara əlifbanı öyrətmək, savadlandırmaq - təhsilin ilk pilləsi üçün lazım olan işlər, təbii ki, Təhsil Nazirliyinin ixtiyarında olmalıdır.

Nizami Cəfərovun fikrincə, məktəbəqədər təhsil müəssisələri tədricən Təhsil Nazirliyinin tabeliyinə keçməlidir:

- Ümumi prinsiplər, "Təhsil haqqında” qanun da elədir ki, tədricən uşaqların təhsili bağçadan başlayırsa, bağça Təhsil Nazirliyinin səlahiyyətləri daxilində olmalıdır.

Amma işin o biri tərəfi yenə də açıq qalır ki, maddi baxımdan, uşaqlara baxmaq funksiyasını nazirlik icra edə biləcək, ya yox. İşin maddi tərəfi icra hakimiyyətlərinin ixtiyarında olsa belə, hər halda təhsil öyrətmə, təlim-tərbiyə indidən Təhsil Nazirliyinin ixtiyarında olmalıdır. Təlim-tədris proqram üzrə getməlidir və bağça uşaqları orta məktəbə hazırlamalıdır.

Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva da bir müddət əvvəl KİV-ə açıqlamasında uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsini məqsədəuyğun saymışdı:

"Təhsil haqqında” qanunda göstərilib ki, uşaqlar məktəbə bağçadan gəlməlidir. Bu zəmində bağçaların Təhsil Nazirliyinə verilməsi məqsədəuyğundur. Uşaqlarımız məktəbə hazırlıq dövrünə bağçadan başlayırsa, yaxşı olardı ki, idarəetmə yenidən nazirliyə qaytarılsın. Düşünürəm ki, bilavasitə Təhsil Nazirliyinin nəzarəti altında bağçaların inkişafına nail olmaq olar. Mən bu məsələnin lehinəyəm”.

"Uşaq bağçalarının sayını artırsınlar...”

Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb icra orqanlarının tabeliyinə verilməsi gözlənilən müsbət nəticəni hələ ki, vermir:

- Uşaq bağçası ümumilikdə təhsil sisteminin bir struktur vahididir. Təhsil pillələrinin hamısı bir-birilə məntiqi, sosial-intellektual bağlılıqdadır. Körpə anadan olandan 3 yaşınadək körpələr evində, 3 yaşından 6 yaşınadək uşaq bağçasında, 6 yaşdan 17 yaşadək məktəbdə, 17 yaşdan sonra isə ali məktəb, aspirantura, akademiya və s. pillələri keçir. Təhsilin pillələri insanı bütün həyatı ərzində müşayiət edir. Təhsilin körpələr evi pilləsini çıxaq. Bu yaşda uşaqlar təhsildən demək olar ki, uzaqdır. Körpələr evi də respublikada nisbətən azdır, çünki bu yaşda körpələri Azərbaycan ailəsi adətən evdə böyüdür. Bəzi hallarda, zərurət yarandıqda körpələr körpələr evinə verilir. Amma uşaq bağçası uşaqların əksəriyyətinin həyatında bir pillə təşkil edir.

Psixoloqlar müəyyənləşdirib ki, insanın formalaşma dövrü məhz 3-5 yaş arasında baş verir. Bu yaşda insan təhsil, tərbiyə, oyunlar və s. vasitəsilə formalaşma dövrü keçir. Uşağın bir insan kimi özülü 5 yaşda qoyulur. Uşaq əsas informasiyanı məhz bu yaşda toplayır. 6 yaş isə artıq məktəbəqədər və məktəb yaşı dövrüdür. Təhsilin səviyyəsi ayrı söhbətin mövzusudur. Amma uşaq bağçalarını təhsildən ayrı təsəvvür etmək mümkün deyil. Uşaq bağçalarının fəaliyyət proqramını Təhsil Nazirliyi hazırlayır. Onun da elmi əsasları var. Uşaq bağçası sadə, bəsit sahə deyil. Onun proqramı hazırlanarkən hər bir detal nəzərə alınır. Uşaqların təlim-tərbiyəsi, sağlamlığı, təhsili hamısı vəhdətdə götürülür. Uşaq bağçası təhsilin bir pilləsidir və o, digər pillələrdən gərək ayrılmasın. Uşaq bağçaları üçün xüsusi olaraq müəllim, tərbiyəçi hazırlanır, orada uşaq həkimləri işləyir. Hətta uşaq bağçalarında qidanın hazırlanma qaydasını bilən xüsusi aşpazlar işləməlidir. Uşaq bağçalarında təhsil, təlim və tərbiyə məsələləri birbaşa Təhsil Nazirliyinin öhdəsində olmalıdır. Təhsil Nazirliyini bu işdən tamam kənarlaşdırmaq olmaz. İcra hakimiyyəti orqanları belə məsələdə mütləq mütəxəssislərlə, təhsil, təlim-tərbiyə sahəsində təcrübəli insanlarla məsləhətləşmələr aparmalıdırlar. Bu, sıradan bir iş deyil ki, üzərinə götürəsən, icra edəsən. Burada söhbət uşaqların taleyindən gedir. Uşağın özülü bağçada qoyulur. Gərək o özül möhkəm olsun ki, uşaq məktəbdə "axsamasın”. Bu məsələdə icra hakimiyyətləri nazirliyə bir neçə istiqamətdə köməklik edə bilər. İcra hakimiyyətləri onlara tapşırılan vəzifə çərçivəsində uşaqların inkişafına yönəlmiş müxtəlif layihələrin həyata keçirilməsində, uşaq bağçalarının maddi-texniki bazasının möhkəmlənməsində, təminat məsələlərinin icrasında iştirak etsin. Uşaqların düzgün, sağlam qidalanması üçün sağlam ərzaqlarla təmin edilməsinə yardım etsin. Bilirik ki, bu dəqiqə uşaq bağçası qıtlığı var. Valideyni geri qaytarırlar ki, yerimiz yoxdu. Valideyn uşağını bağçaya qoya bilmədiyindən işə də gedə bilmir. Uşaq bağçaları ilə bağlı bir sıra neqativ hallar da var. Əvvəlcə "yerimiz yoxdu” deyirlər, sonra isə kimsə tapşıranda, yaxud rüşvət verildikdə uşaq bağçaya qəbul olunur. İcra hakimiyyətləri yaxşı olar ki, uşaq bağçaları tiksinlər. Hər bir ərazi üzrə bir neçə uşaq bağçası olsun ki, uşaqlar məktəbəqədər təlim-tərbiyədən, təhsildən kənar qalmasınlar. Bundan başqa, icra hakimiyyətləri uşaqlar üçün gəzintilər, səfərlər, oyunlar təşkil edə bilər. Bizim respublikada oyuncaq fabriki yoxdur. Uşaq oyuncaqları müxtəlif ölkələrdən gətirilir, çox zaman da onların uşaq sağlamlığı üçün zərərli olduğu üzə çıxır. İcra orqanları oyuncaq fabrikinin yaranmasında, uşaqlar üçün əyləncə yerlərinin yaradılmasında təşəbbüs qaldıra və bu işdə iştirak edə bilər. Ehtiyacı olan uşaqlara himayədarlıq etmək də icra orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Amma təlim-tərbiyə işini qoy Təhsil Nazirliyinin öhdəsinə buraxsınlar.

Məlahət Rzayeva