Gürcüstanda yaşayan soydaşımız beynəlxalq müsabiqənin qalibi olub





Gürcüstanda yaşayan azərbaycanlı, bu ölkənin Dövlət Texniki Universitetinin doktorantı Məmməd Məmmədov Tbilisidə keçirilən beşinci beynəlxalq arxitektorlar festivalının qalibi olub.

Hazırda Rustavi şəhər meriyasında baş mütəxəssis işləyən M.Məmmədovun Tbilisi şəhərinin mərkəzində 34 hektarlıq ərazidə yeni salınacaq yaşayış sahəsi ilə əlaqədar hazırladığı arxitektura layihəsi tələbələrin hazırladıqları layihələr arasında üç ən yaxşı layihədən biri olub.

Soydaşımızın layihəsi diploma layiq görülüb.

Artıq bir neçə müsabiqədə iştirak edən və müxtəlif nominasiyalarda layiqli yer tutan M.Məmmədov həm də yaxşı rəssamdır.

Onun yağlı boya və qrafika rəsm əsərlərinin bir neçə yerdə sərgisi açılıb. (AZƏRTAC)