Razi Abbasbəyli: "Orta və iri kreditlərdə qaytarılma ilə bağlı ciddi problem yoxdur"
Kiçik və ani istehlak kreditləri ilə bağlı problemlərin həcmi çoxalmağa başlayıb.
Bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 496,6 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.
Məlumata görə, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,4 %, son 1 ildə isə 12,8 % artıb.
Dekabrın 1-nə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət noyabrın 1-nə də 1,7 %, ilin əvvəlinə 1,8 %, ötən il dekabrın 1-nə isə 1,9 % olub.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda problemli kreditlərin həcminin artmasının bir sıra səbəbləri var:
“Birincisi kredit faizlərinin yüksək olmasıdır. İkinci səbəb isə ölkədə inflyasiyanın sürətlənməsidir. Digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsi, sabit gəlirlərini daha çox zəruri yaşam ehtiyaclarını qarşılamaq üçün sərf edilməsi, nəticə etibarilə vətəndaşların kredit qaytarma imkanlarını azaldır. Azərbaycan vətəndaşları ümumi gəlirlərinin təxminən 60 faizini qida və ərzaq məhsullarına, 20 faizini isə kommunal və nəqliyyat xərclərinə sərf edirlər. Nəticə etibarilə bu xərclərdən sonra yerdə qalan vəsaitlərin öhdəliklərin icra edilməsi üçün kifayət etməməsi və ildən ilə inflyasiya göstəricilərinin, yaşam şərtlərinin ağırlaşması problemli kreditlərin həcminin çoxalmasına da səbəb olur. Həmçinin kreditlərin faiz dərəcələri kifayət qədər yüksəkdir. Bank Olmayan Kredit Təşkilatları (BOKT) asanlıqla kiçik məbləğlərdə kredit təklif etdiyinə görə 18 yaşdan sonra vətəndaşların kredit əldə etmək imkanlarını asanlaşdırır və onlar həmin kreditləri əldə edirlər. Noyabr ayının 24 də Azərbaycan Mərkəzi Bankı qərar qəbul etdi ki, Bank Olmayan Kredit Təşkilatları ani istehlak kreditləri ilə bağlı kredit faizlərini və kredit müddətlərini dəyişməlidir. Bu fevral ayının 24 dən sonra qüvvəyə minəcək qərardır. Qərara görə, gündəlik kredit faiz dərəcəsi 0.3 faizdən yuxarı və kredit müddəti 45 gündən az verilə bilməz. İndiki şərtlərdə isə kredit verən Bank Olmayan Kredit Təşkilatları gündəlik təxminən faiz dərəcələrini 7-8 faiz ə qədər hesablayırlar. Nəticə etibarilə də, kiçik istehlak kreditlərinin həcmində problemli kreditlərin artmasına gətirib çıxarır. Problemli kreditlər iri və orta kreditlərin qaytarılması ilə bağlı göstəricilərdə özünü göstərmir. Yəni orta və iri kreditlərdə kreditlərin qaytarılması ilə bağlı araşdırmalar zamanı görürük ki, ciddi problem yoxdur. Yalnız kiçik və ani istehlak kreditləri ilə bağlı problemlərin həcmi çoxalmağa başlayıb. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Əgər kredit öhdəliyi götürmüş vətəndaşla bağlı problem üç il müddətində məhkəmə müstəvisində mübahisələndirilməsə, kreditin verildiyi müddətdən keçən üç il ərzində ödəməli olan tərəf krediti ödəmirsə və qarşı tərəf hüquqi müstəvidə mübahisələndirmirsə, o zaman kreditlər avtomatik olaraq öhdəlikdən çıxarılır və bu kreditlər silinmiş hesab olunur. Amma heç bir halda mövcud olan qanunvericiliyə görə, kredit öhdəlikləri ləğv edilmir və kredit borcları silinmir. Müstəsna hallarda bu Azərbaycan Maliyyə Nazirliyi ilə Mərkəzi Bankın verə biləcəyi qərardır. Hansı kateqoriyada kreditlər silinə bilərsə, onun üçün ümumi dövlət büdcəsindən xüsusi vəsait ayrılır və bu vəsaitlər də maliyyə amnistiyası formasında nəzərdə tutulan kreditlər üçün şamil edilə bilər. Lakin bugünkü real yaşam rejimində problemli kreditlərin silinməsi ilə bağlı heç bir mexanizm mövcud deyil”.