Rəşad Məciddən Anara dəstək: "Zərdabinin heykəlinin orada olması yaxşı görünmür"

"Anar müəllimin narahatlığı başadüşüləndir"

"İnanıram ki, bu məsələ həllini tapacaq" 

 

Xalq yazıçısı Anar Rzayev Həsən bəy Zərdabinin heykəlinin İçərişəhərdən köçürülməsini təklif edib. Xalq yazıçısı Milli Məclisdə konfransda çıxışı zamanı bildirib ki, İçərişəhərdə Milli Ensiklopediyanın keçmiş binasının birinci mərtəbəsi restoran kimi fəaliyyət göstərir və binanın qarşısında Həsən bəy Zərdabinin heykəli var: "İndi heykəl restoranın "qapıçısı" kimi görünür. Təklif edirəm ki, heykəl Pedaqoji Universitetin bağına köçürülsün". 

Məsələyə münasibət bildirən Mətbuat Şurasının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Sherg.az"a açıqlamasında deyib ki, sözügedən məsələ barədə xalq yazıçısı Anar həm yazıb, həm də müxtəlif tədbirlərdə, çıxışlarda tez-tez danışıb.

Baş redaktor vurğulayıb ki, məsələ yenidən yüksək kürsüdən gündəmə gətirilib: 

"Məsələ xeyli reaksiya doğurub. Vaxtı ilə Milli Ensiklopediyanın binası çox gözəl bir bina idi. Həmin binanın önündə Həsən bəy Zərdabinin heykəlinin qoyulması qərarı barədə tanınmış jurnalist Müsəllim Həsənovun araşdırmalarında məlumat var. Milli Ensiklopediya üçün yeni bina tikiləndən sonra orada restorant fəaliyyət göstərib. Ona görə də hər halda Zərdabinin heykəlinin orada olması yaxşı görünmür. Anar müəllimin narahatlığı başadüşüləndir. Əlbəttə ki, arzulayardıq ki, Azərbaycan mətbnuatının banisinin heykəli daha gözəgəlimli və daha vacib, lazımlı bir məkanda olsun. Anar müəllimin ümumiyyətlə Azərbaycanda hansı bağda, hansı heykəllərin yerləşdirilməsi daha uyğun olar məsələsinə dair publisistik yazısı var. İnanıram ki, bu məsələ həllini tapacaq". 

Qeyd edək ki, milli mətbuatın banisi, "Əkinçi" qəzetinin yaradıcısı, maarifçi, naşir Həsən bəy Zərdabinin heykəli İçərişəhərdə Böyük Qala, 41 ünvanında yerləşir. Heykəl 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.