İsrail Prezidenti İsxaq Hersoq ABŞ-nin Nyu-York şəhərinin yeni seçilmiş meri Zöhran Mamdanini sərt tənqid edərək, onun yəhudi dövlətinə qarşı aşağılayıcı münasibətini gizlətmədiyini və Manhettendəki sinaqoqun qarşısında keçirilmiş etiraz aksiyası ilə bağlı təxribatçı açıqlamalar verdiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Nyu-Yorkda Yeşiva Universitetində çıxışı zamanı deyib.
“Nyu-York şəhərində baş verən son hadisələr təhlükə işarəsi göstərir. Burada yəhudi xalqının yeganə milli dövləti olan İsrailə qarşı hörmətsizliyini gizlətməyən yeni bir mer seçilib”, - o qeyd edib.
Hersoq keçən ay Manhettendə İsrailə köçü təşviq edən bir tədbir zamanı sinaqoqun qarşısında keçirilmiş anti-İsrail aksiyası və Mamdaninin bu olayla bağlı reaksiyasına toxunub:
“Yeni merin cavabı belə oldu ki, guya Alya (yəhudilərin İsrailə köçü – red.) etmək istəyən yəhudilər beynəlxalq hüquq və sinaqoqun müqəddəsliyini pozurlar. Bu ritorika qəbuledilməzdir. Nyu-York və bütün Amerikada vəziyyət narahatlıq doğurur. Yəhudi xalqının qarşısında duran çətinliklər artır”.