Ərdoğan Yaxın Şərq və Cənubi Qafqazda sülh və sabitlik olmasında maraqlıdır
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Rəcəb Tayyib Ərdoğan ölkəmizin inkişaf etməkdə olan səkkiz dövlətin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) üzvü seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Prezident İlham Əliyev öz növbəsində bu məsələdə Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
Söhbəti zamanı Azərbaycan-Ermənistan normallaşma prosesi, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Suriyada Əsəd rejiminin çökməsindən sonra müsbətə doğru irəlliləyiş məmnunluqla qeyd edilib, Suriyanın sosial və iqtisadi inkişafı ilə bağlı birgə səylərin göstərilməsi razılaşdırılıb.
Dövlət başçıları ölkələr arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Politoloq Oqtay Qasımov "Sherg.az"a söyləyib ki, Türkiyə və Azərbaycan Prezidentlərinin görüşündə həm ikitərəfli, həm də regional məsələlərin müzakirəsi gözləniləndir:
"Azərbaycan və Türkiyə müttəfiq dövlətlərdir. Həmçinin Ərdoğan Yaxın Şərq və Cənubi Qafqazda sülh və sabitlik olmasında maraqlıdır. Çünki bu bütün bölgə dövlətlərinin, o cümlədən Türkiyənin də mənafeyinə uyğundur. Digər tərəfdən Ərdoğan Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasını bölgədə savaşın bitməsi, gərginliyin azalması, kommunikasiyanın və iqtisadi əlaqələrin inkişafı, eyni zamanda bundan bütün ölkələrin faydalanması üçün istəyir. Məhz bu baxımdan Türkiyə Azərbaycan və Ermənistan arasında əlaqələrin tezliklə normallaşmasında maraqlıdır. Həmçinin sülh müqaviləsinin imzalanması Azərbaycan-Ermənistan münasibətlərinin də irəliləməsinə təkan verəcək. Digər tərəfdən Zəngəzur dəhlizi də regiondakı bütün ölkələr kimi Türkiyə və Rusiyanın da maraq dairəsindədir. Belə ki bu dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə əlaqələri daha da güclənəcək. Həmçinin yük daşınması və ticarət dövriyyəsi artacaq. Bu isə ticari inkişafın güclənməsinə gətirib çıxaracaq".