Şagird çantaları yüngülləşəcək: Kağız dərsliklər gedir, elektron dərsliklər gəlir 

Elm və Təhsil Nazirliyi rəqəmsal dərslik layihəsi üzərində işləyir 

Dərsliklərdə problem var. Biz dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin iclasında deyib. Millət vəkilinin sözlərinə görə, vəsait baxımından dərsliklərdə səhvlər varsa, onların üzərində işlənilməsi və digər məsələləri elektron qaydada etmək daha asandır: 

“Yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üzərində işləyir. Rəqəmsallaşdırıldığı təqdirdə, bu prosesdə dəyişiklikləri etmək və daha sürətli formada şagirdlərə təqdim etmək imkanı daha çoxdur”. 

Hazırda bir çox dərsliklərin elektron versiyasından istifadənin mümkün olduğunu vurğulayan təhsil üzrə mütəxəssis Elçin Əfəndi bu sahədə müvafiq platformaların fəaliyyət göstərdiyini bildirib. E. Əfəndi “Sherg.az”a açıqlamasında qeyd edib ki, vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər:

“Sırf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq. Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda “elektron məktəb” layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, sadəcə dərsliklərdəki problem yox, artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq”.