“Əfv yalnız İsrail prezidentinin səlahiyyətidir”
“Trampın Netanyahunun işinə müdaxiləsi hüquqi deyil”
İsrail Prezidenti İsxak Hersoq Dünya İqtisadi Forumunda Baş nazir Benyamin Netanyahunun korrupsiya ittihamları ilə bağlı əfv olunması ehtimalı barədə danışarkən deyib ki, Trampa hörmət edirəm, amma İsrailin öz qanunları var:
“Hazırda Prezident Trampın təklifi barədə Ədliyyə Nazirliyində aidiyyəti üzrə rəylər toplanır. Mən bunu poza bilmərəm, çünki mən qaydalara uyğun hərəkət etməliyəm. Mən prezident Trampa dərin hörmət bəsləyirəm. Əlbəttə ki, bizim öz qanun sistemimiz var və bu çərçivədə hərəkət edəcəyəm”, - İsrail Prezidenti qeyd edib.
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "Sherg.az"a deyib ki, İsrail Prezidentinin açıqlaması hüquqi baxımdan tam əsaslı və dövlətçilik prinsiplərinə uyğun mövqedir:
"Çünki nə ABŞ prezidenti, nə də başqa hər hansı xarici dövlət başçısı İsrailin daxili proseslərinə müdaxilə etmək, xüsusilə də korrupsiya ittihamları ilə bağlı məhkəmə işinə siyasi təsir göstərmək hüququna malik deyil. Əgər İsrailin baş nazirinin adı korrupsiya cinayətində hallanırsa, bu məsələ yalnız İsrailin hüquq-mühafizə orqanları və məhkəmə sistemi çərçivəsində araşdırılmalı, qərar da yalnız bu sistem daxilində verilməlidir.
Burada əsas prinsip təqsirsizlikdir. Netanyahunun günahı məhkəmə yolu ilə sübuta yetirilməyincə o, hüquqi baxımdan günahsız hesab olunur. Əgər məhkəmə onun cinayətə bulaşdığını təsdiqləyərsə, o zaman cəza da yalnız İsrail qanunvericiliyinə uyğun şəkildə tətbiq edilməlidir. Əfv məsələsi isə yalnız İsrail prezidentinin səlahiyyətinə daxildir və bu səlahiyyət də qanuni prosedurlar əsasında həyata keçirilə bilər. Trampın bu məsələdə mövqe bildirməsi və ya dolayısı ilə təsir göstərməyə çalışması hüquqi deyil və İsraildə korrupsiyaya qarşı mübarizəyə xələl gətirir.
Əgər xarici liderlərin çağırışları ilə cinayət işlərinə müdaxilə mümkün olsaydı, o zaman qanunların mövcudluğu sual altına düşərdi. Dövlət idarəçiliyində şəxsi münasibətlər hüquqi mexanizmləri əvəz edə bilməz. Bu məsələ Tramp-Netanyahu şəxsi münasibətləri kontekstində yox, İsrail dövlətinin hüquqi suverenliyi kimi qiymətləndirilməlidir. Hersoqun açıqlaması dövlətlərarası münasibətlərdə hüququn aliliyinin şəxsi və siyasi maraqlardan üstün tutulduğunu göstərir".