Rutte NATO-nu xilas etməyə çalışır: Əsas hədəf Rusiya təhlükəsidir - ŞƏRH

NATO-nun təhlükəsizlik gündəliyində Arktika bölgəsi və Qrenlandiyanın strateji əhəmiyyəti yenidən ön plana çıxıb. Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən NATO-nun Baş katibi Mark Rutte alyansın Rusiya və Çinin Qrenlandiya və ümumilikdə Arktika regionuna hərbi və iqtisadi çıxış imkanlarının qarşısını almaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma konkret olaraq ərazi məsələsindən daha çox NATO-nun öz təhlükəsizliyini potensial təhdidlərdən necə qoruması ilə bağlıdır. Rutte alyans üçün əsas strateji rəqibin Rusiya olduğunu söyləyib.

Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Mark Ruttenin bəyanatının NATO-nun qorunub saxlanmasına yönəlmiş addım olduğunu deyib:

"NATO-nun aparıcı ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə üzv dövlətlərdən biri olan Danimarka arasında Qrenlandiya məsələsinə görə münasibətlər kəskinləşib. Rutto bununla demək istəyir ki, NATO-nun əsas rəqibi Rusiyadır və alyans məhz bu təhdidə qarşı birləşməlidir.

Bu, birbaşa olaraq Rusiyaya və ya Çinə qarşı yönəlmiş birləşmə deyil. Əslində, bu yanaşma NATO-nun daxili birliyini möhkəmləndirməyə xidmət edir. Rutto baş katib kimi üzərinə düşən öhdəliyi yerinə yetirərək, təşkilatın bütövlüyünü qorumaq missiyasını həyata keçirir. O, ABŞ ilə Danimarkanı vahid cəbhədə birləşdirməyə çalışır.

Ruttonun təklifi mahiyyət etibarilə ABŞ-yə istədiklərini vermək, lakin Qrenlandiyanı verməməkdir. Yəni, Qrenlandiya ərazi baxımından ABŞ-yə təhvil verilmir, sadəcə olaraq Ağ evin maraqlarının təmin olunması üçün müəyyən addımlar atıla bilər. Məsələn, ABŞ Qrenlandiyada hərbi baza tikə, müxtəlif layihələr həyata keçirə və öz təhlükəsizlik siyasətini reallaşdıra bilər. Ancaq Qrenlandiya hüquqi baxımdan Danimarkanın mülkiyyəti olaraq qalacaq. Bu məsələ NATO-nun gələcəyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır". 

Politoloq bundan sonra bütün ehtimallarda Avropa dövlətlərinin NATO çərçivəsində hərbi xərclərini artırmasının zəruri olacağını deyib: 

"Avropa ölkələri müdafiə xərclərini yüksəltməli və NATO-ya daha çox diqqət ayırmalıdırlar.

Çünki son bir ildə ABŞ-nin etibarsız mövqeyi açıq şəkildə müşahidə olunur. Faktiki olaraq, ABŞ NATO-ya əvvəlki qədər əhəmiyyət vermədiyini və Avropanın təhlükəsizliyinin təmin olunması istiqamətində real addımlar atmaq niyyətində olmadığını açıq bəyan edir. Buna görə də Avropa ölkələri müvafiq addımlar atmalı, NATO daxilində daha çox söz sahibi olmaq üçün hərbi xərclərini artırmalıdırlar".