Azərbaycan Prezidenti Donald Trampla TRIPP layihəsini müzakirə edib

Xəbər verdiyimiz kimi bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub.

APA xəbər verir ki, görüşdə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı razılaşmaların əldə edilməsində Prezident Donald Trampın tarixi rolu vurğulanıb.

Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlara toxunub. Artıq regionda sülhün mövcud olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bunun iki ölkə arasında ticarət münasibətlərinin yaranmasında da özünü göstərdiyini bildirib. Bu xüsusda Azərbaycandan Ermənistana neft məhsullarının ixracını, həmçinin idxal edilən taxılın ölkəmiz vasitəsilə Ermənistana çatdırıldığını vurğulayıb.

Dövlət başçısı Zəngəzur dəhlizinin, o cümlədən TRIPP layihəsinin regional bağlantılar baxımından mühüm rol oynadığını qeyd edib.