Ermənistan sülhpərvər aktor kimi mövqeyini gücləndirmək istəyir - TƏHLİL

“Sülh Şurası”nın yaradılması ideyası qlobal miqyasda artan münaqişələr fonunda yeni dialoq mexanizmlərinin formalaşdırılması cəhdi kimi görünür

Beynəlxalq gündəmdə yeni siyasi və diplomatik təşəbbüslərin irəli sürülməsi diqqət çəkir. Qlobal və regional münaqişələrin müzakirəsi üçün alternativ platformaların yaradılması cəhdləri fonunda ayrı-ayrı dövlətlər bu təşəbbüslərə münasibətlərini formalaşdırırlar. Bu kontekstdə Ermənistan hökuməti “Sülh Şurası”nın nizamnaməsinin imzalanmasını təsdiqləyib. Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı müvafiq qərar hökumətin rəsmi saytında dərc edilib. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Qəzzadakı vəziyyət kontekstində “Sülh Şurası”nın yaradıldığını elan edib və Ermənistan, Azərbaycan, Rusiya və Belarus da daxil olmaqla bir sıra dövlətlərin liderlərini “Sülh Şurası”na dəvət edib.

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında Ermənistanın “Sülh Şurası”nın nizamnaməsinin imzalanmasını təsdiqləməsinin İrəvanın son dövrlər daha fəal və çevik xarici siyasət yürütmək cəhdlərinin növbəti nümunəsi olduğunu söyləyib:

"Bu addım Ermənistanın beynəlxalq platformalarda iştirakını genişləndirmək və özünü regional və qlobal sülh təşəbbüslərinin bir hissəsi kimi təqdim etmək istəyi ilə izah olunur. 

“Sülh Şurası”nın yaradılması ideyası qlobal miqyasda artan münaqişələr fonunda yeni dialoq mexanizmlərinin formalaşdırılması cəhdi kimi görünür. Ermənistanın bu təşəbbüsə qoşulması isə ölkənin beynəlxalq imicini yumşaltmaq, xüsusilə də münaqişə sonrası dövrdə sülhpərvər aktor kimi mövqeyini gücləndirmək məqsədi daşıya bilər.

Bununla yanaşı, “Sülh Şurası”nın real təsir imkanları və praktik nəticələri hələlik qeyri-müəyyəndir. Təşkilatın hansı mexanizmlərlə fəaliyyət göstərəcəyi, qəbul ediləcək qərarların hüquqi və siyasi çəkisinin nə dərəcədə olacağı zamanla aydınlaşacaq". 

Politoloq Ermənistanın atdığı addımın diplomatik xarakter daşıdığını deyib, bunu uzunmüddətli strateji nəticələrdən çox, mövcud beynəlxalq proseslərə uyğunlaşma kimi qiymətləndirib:

"Eyni zamanda “Sülh Şurası”nda Azərbaycan, Rusiya və Belarusiya kimi ölkələrin də yer alması bu platformanı region üçün potensial dialoq meydanına çevirə bilər. Lakin bu dialoqun real sülh və əməkdaşlığa töhfə verib-verməyəcəyi tərəflərin siyasi iradəsindən və konkret addımlardan asılı olacaq".