ABŞ Prezidenti Donald Trampın NATO Zirvəsi üçün Ankaraya səfəri öncəsi genişmiqyaslı təhlükəsizlik və logistika hazırlıqları aparılır.
Sherg.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi təyyarəsi Air Force One, zirehli “The Beast” limuzini, yüzlərlə təhlükəsizlik əməkdaşı və mobil rabitə sistemlərinin Türkiyəyə gətiriləcəyi gözlənilir.
Məlumata görə, prezidentin səfərindən əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin yük təyyarələri təhlükəsizlik avadanlıqları, zirehli avtomobillər və xüsusi rabitə sistemlərini Ankaraya çatdıracaq. ABŞ prezidentini qoruyan Gizli Xidmət əməkdaşları və digər təhlükəsizlik qrupları da tədbirlərdə iştirak edəcək.
Trampın qalacağı məkan rəsmi açıqlanmasa da, yüksək təhlükəsizlik standartlarına cavab verən obyektlər nəzərdən keçirilir. ABŞ prezidentlərinin xarici səfərlərində istifadə etdiyi xüsusi təhlükəsizlik və tullantı idarəetmə sistemlərinin də Türkiyəyə gətirilə biləcəyi bildirilir.
Diplomatik mənbələrin sözlərinə görə, Trampın səfəri zamanı Ankarada faktiki olaraq “kiçik Ağ Ev” fəaliyyət göstərəcək. Səfər baş tutarsa, Tramp Türkiyəni ziyarət edən 6-cı ABŞ prezidenti olacaq.