Qafqazda sülh: ABŞ-nin gücü masadadır, Rusiya kənarda qaldı - ŞƏRH

Azərbaycan və Ermənistan arasında sülhün əsas dönüş nöqtəsi Vaşinqton oldu

"Əgər Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Rusiyaya meyilli qüvvələr hakimiyyətə gəlməzsə, ilin sonuna doğru Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündür"

ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı Azərbaycan- Ermənistan arasındakı sülh razılaşmasına toxunub və Qarabağ münaqişəsinin dayandırılmasını öz xarici siyasətinin mühüm uğurlarından biri kimi təqdim edib.

Tramp bildirib ki, 35 il davam edən savaşı məhz onun dayandırdığını hesab edir. ABŞ prezidenti çıxışında qeyd edib ki, bu prosesdən sonra Rusiya prezidenti Vladimir Putin ona zəng edərək təəccübünü gizlətməyib: “Mən bu münaqişə ilə on ildən çox məşğul oldum, amma bitirə bilmədim. Sən isə bunu dayandırdın”.

ABŞ prezidenti isə cavabında Rusiya liderinə Rusiya–Ukrayna müharibəsini də bitirməyin yaxşı olacağını söylədiyini vurğulayıb.

Trampın bu məsələni öz xarici siyasətinin mühüm uğurlarından biri kimi təqdim etməsi beynəlxalq ictimaiyyətdə diqqətlə qarşılanıb. Davos kimi nüfuzlu platformada səsləndirilən bu fikirlər Trampın beynəlxalq münaqişələrin həllində öz rolunu vurğulamaq, ABŞ-ın qlobal siyasətdə təsir imkanlarını nümayiş etdirmək və mövcud beynəlxalq mexanizmlərin səmərəliliyini sual altına almaq cəhdi kimi dəyərləndirilib.

Qeyd edilib ki, Donald Tramp Davosdakı çıxışında Qarabağ münaqişəsinin həllilə bağlı məsələyə toxunmaqla, problemləri həll etmək gücü və bacarığında olduğunu nümunə kimi göstərmək istəyib. Demək istəyib ki, BMT, ATƏT-in Minsk qrupunun həll edə bilməyən məsələləri o, həll edib.

Trampın açıqlamalarını şərh edən Politoloq Abutalıb Səmədov “Sherg.az”a açıqlamasında Donald Trampın səsləndirdiyi fikirlərin reallığı əks etdirdiyini deyib. Onun sözlərinə görə, Tramp müxtəlif çıxışlarında 8 münaqişənin dayandırılmasında rol oynadığını bəyan edir və bu siyahıda Azərbaycan–Ermənistan münaqişəsini xüsusi qürurla vurğulayır: “Tramp hətta onu da iddia edir ki, Rusiya Prezidenti Vladimir Putin telefon danışığında ona Qarabağ münaqişəsi ilə bağlı uzun illər nəticə əldə edə bilmədiyini, lakin Trampın bu prosesi dayandırdığını etiraf edib. Fikrimcə, Trampın bu bəyanatlarında konkret olaraq kiməsə mesaj göndərmək niyyəti axtarmaq düzgün olmaz. Tramp daha əvvəl oxşar açıqlamaları Nobel Sülh Mükafatına namizədliyini önə çıxarmaq məqsədilə səsləndirirdi və özünü bu mükafata ən layiqli lider kimi təqdim etməyə çalışırdı. Lakin Nobel Komitəsinin bu mükafatı Trampa təqdim etməməsindən sonra ABŞ Prezidenti son açıqlamalarında əsas prioritetinin sülh deyil, başqa strateji maraqlar olduğunu da açıq şəkildə bəyan edib”.

Bununla belə, politoloq hesab edir ki, Tramp fürsət düşdükcə dayandırdığı münaqişələri xatırlatmağı özünə borc bilir: “Xüsusilə də hazırda “Sülh Şurası” adlı yeni bir beynəlxalq təşəbbüsün formalaşması fonunda Tramp bu məqamdan istifadə edərək öz rolunu yenidən ön plana çıxarmağa çalışır. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu təşəbbüsün təsisçiləri sırasında yer alıb”.

A. Səmədov vurğulayıb ki, qlobal miqyasda mürəkkəb münaqişələrin həllinə real təsir imkanlarına malik əsas dövlət ABŞ-dir və Trampın iddia etdiyi münaqişələrin müəyyən formada dayandırılması da məhz bu güc amili ilə bağlıdır. Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzalamasına Rusiya vasitəçilik etsə də, yekun sülh sazişinin əldə olunmasında Moskva həlledici rol oynaya bilmədi. Sonrakı mərhələdə isə Rusiya proseslərdən tədricən kənarlaşdı: “Sülh prosesində əsas dönüş nöqtəsi məhz Vaşinqtonda, Donald Trampın iştirakı ilə atılan addımlarla bağlıdır. Əgər Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra Rusiyaya meyilli qüvvələr hakimiyyətə gəlməzsə, ilin sonuna doğru Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkündür və bu, müəyyən mənada Trampın diplomatik uğuru kimi qiymətləndirilə bilər”.

Səmədovun fikrincə, Donald Tramp qarşısına qoyduğu məqsədlərə çatmaq üçün qətiyyətli addımlar atmaqdan çəkinmir və ABŞ-ın bütün siyasi, diplomatik və iqtisadi imkanlarını bu məqsədlər naminə səfərbər edir. Məhz bu amil Trampın beynəlxalq siyasətdə əsas güc mənbəyi kimi çıxış edir.