Paşinyan ancaq xalqın qarşısında diz çökəcək, Rusiyanın yox - TƏHLİL

"Ermənistan höküməti gələcək dönəmdə geosiyasi qütb dəyişikliyi etməkdənsə, Rusiyanın vassalığından addım-addım çıxmağa səy göstərəcək"

Ermənistan və Rusiya arasdındakı münasibətlər incə ipdən asılı vəziyyətdədir. Sabah Ermənistanda keçiriləcək parlament seçkilərində xalq ya Kremlin kölgəsində qalmağı seçəcək, ya da incə ipi qırıb tamamilə yeni istiqamətə yol alacaq.

Baş nazir Nikol Paşinyanın mövqeyi isə aydındır. Artıq rəsmi İrəvan Rusiyanın çətiri altında fəaliyyət göstərən qurumlardan çıxmağı da gözə alıb. Ötən gün baş tutan debatda müxalif “Güclü Ermənistan” partiyasının nümayəndəsi Narek Karapetyan, Paşinyana Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünün dondurulmasının nə anlama gəldiyi barədə sual ünvanlayıb. Nikol isə ona cavabında, İrəvanın təşkilatı tərk etmək ehtimalını istisna etməyib. Baş nazir bildirib ki, Lukaşenko və digər rəsmilərin Ermənistanın təhlükəsizlik məsələlərində söz sahibi olmasına icazə verməyəcək.

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Ermənistanın xarici siyasət kursunda Rusiya amili əvvəlki mövqeyini itirməyə başlayıb:

“Xüsusilə də KTMT ilə bağlı səsləndirilən fikirlər İrəvanın təhlükəsizlik sistemini yenidən formatlaşdırmaq niyyətində olduğunu göstərir. Ermənistan rəhbərliyi artıq uzun müddətdir ki, Rusiyanın rəhbərlik etdiyi platformaların ölkənin təhlükəsizlik maraqlarını təmin etmədiyini düşünür və bununla bağlı ictimaiyyətdə təbğilat aparır. Parlament seçkilərindən sonra Rusiya-Ermənistan münasibətlərinin yenidən müttəfiqlik səviyyəsinə qayıtması çətin məsələdir”. 

Politoloqun sözlərinə görə Kreml dairələri, Ermənistanın Qərbə inteqrasiya cəhdlərindən qorxuya düşüb:

“İrəvan isə Rusiyanın regiondakı təsir imkanlarını balanslaşdırmağa çalışır. Buna görə də tərəflər arasında sarsılmış etimadın yaxın gələcəkdə, aradan qalxacağı gözlənilmir. Ermənistan konkret olaraq KTMT-dən çıxmağı planlayır. Son illərdə İrəvan, təşkilatın fəaliyyətində iştirakını minimuma endirib, bir sıra tədbirləri boykot edib və KTMT-ni ölkənin təhlükəsizlik maraqlarını müdafiə etməməkdə günahlandırıb”.

T.İsmayılov qeyd edib ki, KTMT-dən çıxmaq, Ermənistan üçün ciddi siyasi, iqtisadi və geosiyasi nəticələr doğuracaq:

“Çünki İrəvan iqtisadiyyatının mühüm hissəsi hələ də Rusiya bazarı və əmək miqrasiyasından yaranan maliyyə axınlarından asılı vəziyyətdədir. Minlərlə erməni vətəndaşının Rusiyada işləməsi və göndərdiyi vəsaitlər ölkə iqtisadiyyatında mühüm rol oynayır. Aİ Ermənistanı siyasi baxımdan dəstəkləməyə çalışsa da, onların Rusiyanın təmin etdiyi iqtisadi və təhlükəsizlik dividendlərini qısa müddətdə əvəz etməsi çətindir. Aİ maliyyə paketləri, texniki yardım proqramları və institusional dəstək təqdim edə bilər, lakin Rusiyanın enerji, logistika və əmək bazarı imkanlarını tam kompensasiya etmək imkanına malik deyil”. 

Politoloqun fikrincə, Ermənistanın Qərbə inteqrasiyası sürətlənsə belə, ölkə müəyyən müddət ərzində Moskva ilə iqtisadi əlaqələri qorumağa məcbur qalacaq:

“Ermənistanın qarşısında mürəkkəb seçim dayanır. Bir tərəfdən Paşinyan höküməti Qərblə yaxınlaşmanı strateji prioritet kimi təqdim edir, digər tərəfdən isə ölkənin iqtisadi və sosial reallıqları, Rusiyadan tam qopmağın ağır nəticələr yarada biləcəyini üzə vurur. Bir sözlə, Ermənistan höküməti gələcək dönəmdə geosiyasi qütb dəyişikliyi etməkdənsə, Rusiyanın vassalığından addım-addım çıxmağa səy göstərəcək”.