Sosial şəbəkələr və şiddət oyunları gəncləri aqressiyaya sürükləyir
Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələrinin artmasından danışıb. Deputat qeyd edib ki, statistika bu cür hadisələrin cibdə gəzdirilən, qatlanan bıçaqlarla baş verdiyini göstərir. Bu faktı nəzərdə tutaraq cib bıçaqlarının satışının və istifadəsinin qadağan edilməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, müəyyən kompüter oyunları var ki, uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir. Deputat qeyd edib ki, onların qadağan olunması böyük əhəmiyyət kəsb edir: "Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".
Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür hadisələr təkcə gənclər və yeniyetmələrlə məhdudlaşmır, ümumən cəmiyyətdə aqressiyanın artmasından irəli gəlir:
- Bıçaqlanma hadisələri, kəsici alətlərlə törədilən cinayətləri təkcə gənclər və yeniyetmələrə aid etmək doğru olmaz. Düzdür, yeniyetmə və gənclərin tərbiyəsi, məşğuliyyəti, asudə vaxtlarını necə keçirdikləri önəmlidir. Bu barədə indiyədək də çox danışılıb, müzakirələr aparılıb. Yeniyetmələr kimdən, kimlərdən nümunə götürür? Diqqətlə baxsaq, görəcəyik ki son illərdə bayağı mahnılar, ara mahnılar, meyxana üslübü və meyxanaçıların üslübu gənclər arasında üstünlk təşkil edir. Bununla kiminsə ləyaqətini təhqir etmək fikrində deyilik. Gənclər niyə məhz bu nümunələri əxz edir, çünki cəmiyyətdə başqa nümunə görmürlər. Demirik, yoxdur fərqli nümunələr, var, amma onlar görünürmü? Xeyr. Sosial şəbəkələrdə, internet platformalarında bayağılıq daha artıqdır. Bayağı, şou xarakterli məzmunlar geniş paylaşılır və baxış sayı minlərlədir. Bu, hazırda bizim cəmiyyətin ən böyük problemidir. Elm, təhsilin öndə olmadığı cəmiyyətlərdə kriminal məzmunlar önə çıxır. Elmi təhlillər onu göstərir ki, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, valideynlər arasında ailədaxili münaqişələr, valideynlərin bir-biriylə yola getməmələridir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə kriminal məzmunlu materiallar uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur. Uşaqlar nəzarətsiz buraxılmamalıdır. İstər məktəbdə, istərsə də məktəbdən sonra evdə, ailə daxilində, istərsə də ictimai yerlərdə. Bir yeniyetmənin və ya gəncin cibində niyə bıçaq olmalıdır ki onunla kiməsə də xəsarət yetirsin?! Bu cür neqativ halların yaranmasında valideynlərin diqqətsizliyi, övladlarına yetərincə zaman ayırmamaları, övladları ilə həmsöhbət olub fikriləri, maraq dairələri, küçədə, həyətdə onun özünü necə apardığını bilməməsi, övladının dostlarını tanımaması səbəb olur, eləcədə sadalanan digər səbəblər. Valideyn övladına daim nəzarət etməlidir, gizli və aşkar. Əgər uşağın davranışlarında aqressiya görünürsə, izah etməlidir ki, bu yanlışdır, ziyanlıdır. Yeri gələndə tənqid etməlidir. Küçə jarqonu ilə danışmasını irad tutmalıdır ona. Məktəb psixoloqları da iş aparmalıdır şagirdlərlə. Məktəb psixoloqlarını son zamanlar çox hallandırırıq. Hesab edirəm ki, yaxşı pedaqoq həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə yönəlməsi ehtimalı aşağıdır. Dünənədək (30-40 il əvvəl) məktəblərdə ayrıca psixoloq ştatı yox idi, müəliimlər şagirdlərlə yeri gələndə tərbiyəvi söhbət aparırdılar. Doğrudur, müəllim nüfuzu çox şeyi həll edir. Amma biz indi deyə bilmərik ki, nüfuzlu müəllimlər yoxdur, yaxud azdır, şagirdlərlə ünsiyyət qura bilmirlər və sair. Yüksək ixtisaslı, bacarıqlı, uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız çoxdur. Lakin bunu da nəzərə almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən təhlükələrlə üz-üzədirlər. Dediyim kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız üçün böyük təhlükə daşıyır. Ona görə də problemə birtərəfli yanaşma müsbət nəticə əldə etməyimizə mane olar. Problem bir çox istiqamətlərdən həllini tapmalıdır. Ailə-məktəb-cəmiyyət üçlüyü ayrılmaz bağlarla birləşərək yeniyetmələrin sağlam gələcəyini, həyatda doğru yolu tapmalarına kömək etməlidirlər. Məktəbin üzərinə düşən vəzifə hər bir şagird haqqında müəyyən məlumatlara malik olmaq, ailələrlə əməkdaşlıq etməkdir. Ancaq birgə fəaliyyətlə biz övladlarımızı yanlış yoldan çəkindirə bilərik.