Müdafiə naziri general-polkovnik Zakir Həsənov daha bir təqdirəlayiq addım atıb. İlk dəfə hərbi hissələrdə "Açıq qapı” günü tədbiri keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 25-də hərbi hissəyə gələn müdafiə naziri əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən qısa müddətdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, ordunun silahlanmasına qəbul edilən ən müasir döyüş texnikası, silah-sursat, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, eləcə də müdafiə sahəsinə aid infrastruktur dəyişiklikləri və digər məsələlər barədə söhbət edib.
Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olub, xidməti, inzibati binaları, hamam-camaşırxana-qazanxana kompleksini gəzib, nümayiş etdirilən döyüş texnikası və silahlara baxıb, təlim nöqtələrində hərbi qulluqçuların çıxışlarını izlədikdən sonra əsgər yeməkxanasında nahar edib və xatirə fotosu çəkdiriblər.
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, "Açıq qapı” günü tədbirləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcək. Belə bir tədbirin təşkilini, ordunun qapılarını ictimaiyyətə açmasını cəmiyyətin illərdir gözlədiyini nəzərə alsaq, "Açıq qapı” günü bir çox ekspertlər tərəfindən müsbət dəyərləndirilib.
"AzeriDefence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov deyib ki, Azərbaycan Müdafiə Nazirliyində ilk dəfədir "Açıq qapı” günü keçirilir və Müdafiə Nazirliyi bu tədbirin davamlı keçiriləcəyini qeyd edib: "Təəssüflər olsun ki, uzun illər Müdafiə Nazirliyinin sabiq rəhbərliyi bu tip tədbirlərə qarşı olub və maraq göstərməyib. Yalnız hansısa QHT səviyyəsində hərbi hissələrə jurnalistlərin və QHT rəhbərlərinin "tur”larının təşkili ilə kifayətlənib. Hesab edirəm ki, bu tədbir Silahlı Qüvvələrimiz və ictimaiyyət arasında daha səmimi münasibətin qurulmasına, ordu-cəmiyyət əlaqələrinin saf təməllər əsasında daha da güclənməsinə imkan verəcək. Valideynlər "övladım nə yeyir, hansı şəraitdə yatıb-durur, hansı şəraitdə xidmət edir” kimi sualların cavabını özləri bu tədbirlərdə tapacaqlar. Eyni zamanda, xalqın ordusuna güvəni daha da yüksələcək”.
R.Süleymanov bu tədbirdə ən önəmli məqam kimi müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əsgər valideynləri ilə şəxsən görüşməsi, valideynlərlə bir süfrə arxasında əyləşib söhbət etməsini xüsusi vurğulayıb: "Təəssüf hissi ilə demək istəyirəm ki, bu son 20-22 ildə Azərbaycanda müdafiə nazirinin əsgər valideynləri ilə ilk görüşüdür. Uzun illər müdafiə naziri postunu tutmuş Səfər Əbiyevin valideynlərlə görüşünü xatırlaya bilmirəm. Eləcə də, qoşunların komandanları öz tabeçiliklərində olan hərbi hissələrdə valideynlərlə görüşdülər. Silahlı Qüvvələr rəhbərliyinin bu addımı ictimaiyyətin onlara etibarını və inamını yüksəldir. Bu nöqteyi-nəzərdən deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələrində "Açıq qapı” gününün keçirilməsi və bunun bir ənənə şəklində, mütəmadi davam etdirilməsi vacibdir”.
Şəymən