Psixoloq həkimlərə böyük ehtiyac var, nazir də duydu

Amma yetərincə kadrlar varmı, bu haqda düşünmək lazımdır



Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın məlumatına görə, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.

Psixoloqların tibb müəssisələrində fəaliyyətinin müsbət hadisə olduğunu vurğulayan psixoloq Azad İsazadə deyib ki, heç bir halda bu prosesin mənfi çaları olmayacaq: "Amma istənilən halda bu qərarın effekt verib-verməyəcəyi onun həyata keçirilmə mexanizmindən asılıdır. Bu gün bütün tibb müəssisələrində psixiatrlar var. Ancaq hər psixiatr ilk növbədə həkimdir və onlar xəstəni dərman vasitəsilə müalicə edir. Hesab edirəm ki, ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi üçün vahid proqram hazırlanmalıdır. Eyni zamanda, tibb müəssisələrində psixoloqların sayı artırılmalıdır”.

Bir sıra özəl tibb müəssisələrində psixoloqların fəaliyyət göstərdiyini vurğulayan psixoloq Dəyanət Rzayev deyib ki, dövlət müəssisələrində də belə bir addımın atılması müsbət haldır: "Xəstələrin psixi durumunun müalicəsi psixiatrların işidir. Psixoloq isə insanların psixoloji durumu və davranış problemlərini müəyyən edir. Prinsip etibarı ilə Səhiyyə nazirinin bu əmri təqdirəlayiqdir. Amma indiki reallıqda psixoloqların tibb müəssisələrində fəaliyyət hazırlığı şübhə altındadır. Bunun üçün ixtisaslı psixoloqlar hazırlanmalıdır. Çünki ümumi psixoloqun işi araşdırmalar, elmi tədqiqatlar aparmaqdır. Birbaşa insanlarla psixoterapevtlər işləməlidir. Azərbaycanda isə belə kadrlar demək olar ki, yoxdur”.

D.Rzayevin sözlərinə görə, tibb müəssisələrində hansı psixoloqların fəaliyyət göstərəcəyi ilə bağlı əlavələr edilməli və prinsiplər müəyyənləşdirilməlidir: "Müəllim psixoloqun vəzifəsi məktəbdə işləməkdir. Onların tibb müəssisələrində fəaliyyət göstərməsi heç bir effekt verməyəcək. Bunun üçün savaddan əlavə təcrübə də olmalıdır. Mənə elə gəlir ki, tibb müəssisələrinlə fəaliyyət göstərəcək psixoloqlar üçün xüsusi təlimlər keçirilməlidir. Azərbaycan Pedaqoji Universitetin Psixologiya fakültəsini qurtaran 20 yaşlı gənclər psixoloq olduqlarını iddia edir. Belə gəncləri birbaşa işçi kimi tibbi müəssisələrinə qəbul etmək doğru deyil. Onlar öncədən hazırlıq keçməli, təcrübə toplamalıdır. Çünki cavan, təcrübəsiz psixoloqları insanlar da ciddi qəbul eləmir”. Psixoloq deyib ki, klinik psixologiya üzrə magistraturanı bitirən tələbələrin tibb müəssisələrinə cəlb olunması daha məqsədəuyğundur. Çünki adi psixoloqlardan fərqli olaraq bu sahədə onlar nisbətən hazırlıqlı kadr hesab olunur. Psixoloq Elnur Rüstəmov isə deyib ki, bugünə qədər insanlarda emosional və davranış problemlərinin aşkar edilməsi,

psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən müəyyən addımlar atılıb: "Belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin nəzdində Psixoloji Sağlamlıq Mərkəzinin yaradılması olmuşdu. Bu Mərkəzin yaradılmasında məqsəd psixoloji narahatçılıq keçirən insanlara yardım etməkdən ibarət idi. 3-4 ildir fəaliyyət göstərən bu Mərkəz gözləntiləri də doğruldub”. Səhiyyə nazirinin psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə imzalamış olduğu əmrin artıq ikinci addım olduğunu vurğulayan psixoloq bu addımın məqsədəuyğun olduğunu deyib: "Heç kəs üçün sirr deyil ki, bu gün müxtəlif xəstəliklərin kökündə psixoloji faktorlar durur. Konkret olaraq, kardeo- nevrozdan əziyyət çəkən insanlara psixoloji yardımların göstərilməsinə ehtiyac var”.

E.Rüstəmovun sözlərinə görə, psixoloqların tibb müəssisələrində fəaliyyətinin tənzimlənməsi üçün ilk növbədə kadr potensialı hazırlanmalıdır: "Bu proses başlandıqdan sonra insanlar fiziki sağlamlıqları ilə paralel olaraq psixoloji sağlamlıqlarının da qeydinə qalacaqlar. Hesab edirəm ki, verilən bu əmr gələcəyə hesablanmış bir addımdır. Çünki bu cür qərarlar mərhələ- mərhələ həyata keçirilməli idi”.

Şəymən