Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil bağında qətl hadisəsi törətməkdə təqsirli bilinən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İlk olaraq Cahid Əkbərov kürsüyə gəlib.
O, ifadəsində "Sahil” bağında olan köşkdə işlədiyini bildirib: "Təqsirləndirilən şəxsi tanımıram. Rəhmətlik Həsəni üzdən tanıyırdım. Münasibətim yoxuydu. Hər gün bağda it gəzdirirdi. Məndən siqaret alırdı. Həsənin bağda iki itini görmüşəm. Biri böyük idi, onun ağzında ağızlıq olurdu. Bir isə balaca it idi. Onun ağzında isə ağızlıq olmurdu. Hadisə günü də balaca iti gətirmişdi. Gəzdiyini gördüm. Bir müddətdən sonra Həsənin naləsini eşitdim. Baxdım ki, yerə yıxılıb. Yanındakı oğlan da hardansa qaçaraq yanına gəldi. O, da yaralı idi”.
Şahidlər hakim və prokurorun suallarını cavablandırıb.
Şahid qismində Mənsurə Rəsulzadə ifadə verib. O, ifadəsində deyib ki, hadisə zamanı parkda imiş, özü isə həkimdir: "Mən ora çatanda artıq hadisə olmuşdu. Həm həkim kimi, həm də bir vətəndaş kimi ora yaxınlaşdım. Mən çatan zaman Təcili Tibbi Yardımın əməkdaşları ordaydı. Amma onları passiv gördüm. Həkimlər heç nə eləmirdi. Oğlan yerdə uzanmışdı. Nələrsə etmək olardı. Uşağın üstü örtülməmişdi. Həkimlərə yaxınlaşıb, nələrsə etməklərini tələb etdim. Mənim təkidimlə ona elektroşok verildi. Məncə, həkimlər zərərçəkənin yiyəsiz olduğunu görüb, heç nə etmirdilər. Bu cür həkimlər peşələrinə xəyanət edirlər. Mən baxan zaman hələ bədəni isti idi. Öləsi xəstə deyildi. Mənə dedilər ki, o, yerə yıxılanda başı zərbə ilə yerə deyib. Ola bilər ki, elə ənsəsi ciddi zədələnmişdi. Dilinin qatlanması da yerə yıxılması ilə əlaqədar olub. Buna əminəm ki, hadisə yerinə gələn həkimlər ilkin tibbi yardımı düzgün göstərməyiblər”.
Şahid sonradan ölən şəxsin Həsən Həsənov olduğunu bilib: "Mən həmin yerdə olan şəxsin Həsən olduğunu bilməmişəm. Sonradan xəbərlərdə gördüm. Həsən bizim qonşumuz olub. Çox ağıllı tərbiyəli oğlan idi. Onu həmin vaxt üzünə diqqətlə baxmamışam. Həkim kimi yaralarına baxmışam. Həsənin yas mərasimində iştirak etdim. Orda onun tibbi arayışı ilə tanış oldum. Orda ürək nahiyəsinə dəyən zərbəyə görə öldüyü yazılıb. Halbuki mən hadisə yerində olanda baxdım ki, zərbə onun ürək nahiyəsinə deyil, sinəsinə dəymişdi. Bu işdə həkimlərin böyük günahı var. Mən əminəm ki, Həsənin yarası ölümcül deyildi. Həmin həkimlər barəsində nələrsə edilməlidir”.
Şahid hakim və dövlət ittihamçısının suallarına cavablandırıb. O, suallara cavab olaraq bildirib ki, özü də Təcili Tibbi Yardımda işləyir, ali-orta ixtisaslı həkimdir. Tibb məktəbində müalicə işi ixtisası 3 il 6 ay təhsil alıb.
Prosesdə iştirak edən ölən Həsən Həsənovun bibisi oğlu yerindən çıxış edib. " O, şahid həkim kimi burda məsləhət edir. Amma Həsən vurulandan sonra, bütün məsələlərdə orda olmuşam. Polisdə də ekspertizada bildirib, mən özüm morqa da girib görmüşəm ki, Həsən bıçaq zərbəsi düz ürəyinin yanından girib. Orda ekspertlərdən soruşdum, polisdə mənə dedilər ki, zərbə onun şah damarından tutub. O, şahid burda ağzına gələni danışır”.
Prosesdə təqsirləndirilən Elçin Çobanovun vəkili Namiq Məmmədov vəsatətlə çıxış edib. O, vəsatətində bildirib ki, ölən Həsən Həsənova və zərərçəkmiş kimi tanınan Orxan Məmmədzadəyə tibbi ekspert rəyi verən Xəlil Abdullayev və Ceyhun Allahverdiyev əlavə şahid kimi dindirilsin. Hakim vəsatətin baxılmasını təxirə salıb.
Məhkəmə prosesi oktyabrın 29-da davam edəcək.
Qeyd edək ki, bu il yanvarın 6-da "Sahil" bağında qətl törədilib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. Həsən Həsənov hadisə yerində ölüb. Təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı Leyla Çobanovanı Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetindən gətirərkən Həsən Həsənovun gəzdirdiyi it onun yoldaşına hürməyə başlayıb. Elçin Çobanov buna görə əsəbiləşib və Həsən Həsənovdan itini kənara çəkməyi tələb edib. Oğlan bu tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin Çobanov üzərində gəzdirdiyi bıçağı çıxararaq əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib. Daha sonra o həyat yoldaşı ilə birlikdə hadisə yerini tərk edib.