Zahid Oruc: “Çünki məhkəmə qarşısına çıxarılan, hədəf edilən sadəcə üç-beş cinayətkar deyil, bizim təhlükəsizlik sistemimizdir”
Xeyli müddətdir ölkənin gündəmi Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı xəbərdarlıq. Hər gün mediada MTN-lə, qurumda çalışan şəxslərlə bağlı yeni xəbərlər yayılır, müxtəlif iddialar ortaya qoyulur. Hətta bir sıra qeyri-ciddi saytlar qarayaxmanı elə həddə çatdırıblar ki, ictimaiyyət arasında "MTN-də təmiz adam yoxmuş” düşüncəsi formalaşıb. Yəqin elə bu səbəbdən milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev ölkə ictimaiyyətinə müraciət etməyi məsləhət bilib. Ötən gün mediaya açıqlama verən general-leytenant Mədət Quliyev MTN-də vəziyyətin yaxşı olduğunu söyləyib:
"Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Ölkədə qanun şahdır. Hər kəs cinayət edərkən bilməlidir ki, gec, ya tez, əməlinə hüquqi qiymət veriləcək. Xalqımız hər zaman MTN-ə inanıb, bu gün də inanır. MTN əməkdaşlarının 99 faizi saf, təmiz fəaliyyət göstərir. Əməkdaşlarımız vicdanla dövlətin təhlükəsizliyinin keşiyində dururlar”. Nazir müavininin açıqlamasını şərh edən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc "Şərq”ə bildirib ki, MTN-nin yüksək rütbəli nümayəndələrinin yol verdiyi əməllər, baş verən məlum hadisələr hökumət strukturlarında və cəmiyyətdə müəyyən tənqidlərin, narazılığın meydana gəlməsinə şərait yaratdı: "Ölkəyə yönəlik təhlükələri, müxtəlif təhdidləri neytrallaşdırmalı olan qurum rəsmilərinin insanlarımıza qarşı bu cür ağılsız hərəkətlərinə bəraət qazandırıla bilməz. Çünki nəticə etibarı ilə indi cəzalandırılan bir qrup şəxs təkcə özlərini deyil, bütövlükdə təhlükəsizlik orqanını cəmiyyətin ictimai qınağına hədəf etdilər. Bu mənada Mədət Quliyev haqlı olaraq bəyan etdi ki, bizim üçün ən böyük məsələ Azərbaycanın maraqlarını və vətəndaşların təhlükəsizliyini qorumaqdır. Kəşfiyyat və əks-kəşfiyyat işlərinə baxan yüzlərlə vicdanlı şəxslər də fərqindədirlər ki, bir qrup adamın yol verdiyi əməllər bütün təhlükəsizlik işçilərinə qarşı sərt təpkilər yaradıb. Bu baxımdan hamımız birgə çalışmalıyıq ki, MTN tənqidlərin hədəfindən çıxa bilsin. Çünki məhkəmə qarşısına çıxarılan, hədəf edilən sadəcə üç-beş cinayətkar deyil, bizim təhlükəsizlik sistemimizdir”. Millət vəkili deyib ki, hər gün eyforiya içərisində növbəti bir generalın qandallanmasını arzu edən şəxslər düşmənlərimizin bunu sevinclə qarşıladığını unutmasınlar: "Gizli informasiya daşıyıcıları olan, hətta kimlərinsə şəxsi həyat sirlərini bilən MTN-çilər müəyyən bir zəmində sahib olduqları məlumatları dövriyyəyə buraxa bilərlər. Bu da ölkədə insanların biri-biri ilə üzləşməsinə, qarşıdurmalara, kompromat müharibələrinə səbəb olar. Yəni Elşad Abdullayevlərin sayı artar. Belə olmasın deyə, bəzi məsələlərə həssas yanaşmaq lazımdır. Axı MTN bir səhiyyə qurumu deyil, ölkənin milli mənafelərini qoruyan çox mühüm məxfi xidmət orqanıdır. İlk növbədə həmin vəzifəni həyata keçirən və gözəgörünməz cəbhənin təmsilçiləri elə addımlar atmalıdırlar ki, ölkə daxilində və xaricində MTN-ə qarşı formalaşmış bədbinliyi aradan qaldıra, qurumun əvvəlki etibarını geri qaytara bilsinlər”.
İsmayıl