Dünən bəzi saytlarda Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair Vaqif Bəhmənlinin işdən çıxarılmasına dair məlumatlar yer almışdı.
Məlumata görə, nazir Əbülfəs Qarayevə şeir yazdığı və həmin şeiri dərc etdirdiyi üçün nazirlik tərəfindən töhmət alan şair həmin ərəfədə məzuniyyətə göndərilib. Lakin dekabrın 16-da məzuniyyətdən qayıdan şöbə müdiri artıq işdən çıxarıldığı ilə bağlı əmrinin verildiyini öyrənib.
Məsələ ilə bağlı açıqlama verən V.Bəhmənli özünün facebook səhifəsində yazıb: "Hörmətli jurnalistlər, əziz həmkarlar! Mədəniyyət və Turizm Nazirliyindəki işimlə bağlı göstərdiyiniz hədsiz marağı nəzərə alıb bildirirəm ki, həqiqətən də mən yaradıcılıq işlərimin vacibliyi və sıxlığı səbəbindən Nazirliyin rəhbərliyinə tutduğum vəzifədən azad olunmağım üçün yazılı ərizə vermişəm. Eyni zamanda şifahi olaraq xahiş etmişəm ki, müraciətimə mənim istəyimə uyğun yanaşılsın. Yəqin ki, tezliklə məsələ həllini tapar.
Adi və gündəlik həyat hadisəsini müzakirə mövzusuna çevirməyəcəyinizə görə sizə bəri başdan təşəkkürlərimi bildirirəm.”
Qeyd edək ki, şair Vaqif Bəhmənlinin işdən çıxarılmasına dair mətbuatda yer alan məlumatı Mədəniyyət və Turizm Nazirliyi də yalanlayıb.
Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun sözlərinə görə, Vaqif Bəhmənlinin işdən çıxarılması ilə bağlı heç bir qərar yoxdur. O da hazırda şairin məzuniyyətdə olduğunu bəyan edib.
Xatırladaq ki, V.Bəhmənli nazir Əbülfəs Qarayevə "Hamıya yaxşılıq” adlı şeir həsr edib. Nazir isə ona yazılan şeiri bəyənməyib və bu şeiri dərc etdirməməsi ilə bağlı xəbərdarlıq edib. Lakin xəbərdarlığa baxmayaraq şeir "525-ci qəzet”də tirajlanıb. Bundan sonra mədəniyyət və turizm nazirinin əmri ilə V.Bəhmənliyə töhmət verilib.
Şəymən