Mütəxəssislər isə bunun çox təhlükəli hal olduğunu bildirir
Yeni yaşayış massivlərinin bir problemi də mənzillərə təbii qazın verilməməsidir. Hazırda paytaxtdakı bir çox hündürmərtəbəli binalarda təbii qaz yoxdur və sakinlər ehtiyaclarını qaz balonları vasitəsilə ödəyir. Sakin qaz balonu alır və onu birbaşa qaz plitəsinə qoşur.
Mütəxəssislər isə bunun çox təhlükəli hal olduğunu bildirir. Amma çarə nədir? İnsan nəyləsə isinməlidir, xörəyini bişirib, çayını qaynatmalıdır. Üstəlik, evdə azyaşlı uşaqlar varsa. "Uşağa necə başa salasan ki, gözlə, binamız təhvil alınsın, sonra qaz veriləcək?!”. Bunu bizimlə söhbətində yeni yaşayış massivində mənzil almış bir xanım dedi. Təbii ki, biz ona "bəs niyə təhvil alınmamış binaya köçmüsünüz” sualını vermədik, çünki bu problemin necə kök atdığını bilirik. Bakıda elə binalar var, 10 ildir, bəlkə də artıq, məskunlaşma aparılıb, amma təbii qaz hələ də verilmir.
Qazsız çoxmərtəbəli binalar var və qışın soyuğunda mənzillərini elektrik enerjisi ilə isitmək məcburiyyətində qalanlar, qaz balonları işlədənlər faktiki ölüm təhlükəsi ilə baş-başadırlar. Havalar soyuyan kimi, xüsusən də yağışlı, qarlı havalarda elektrik enerjisi kəsilən vaxtlar, əlaqədar qurumlar "naqillər çox yüklənir deyə, tab gətirmir, qısa qapanma olur və işıqlar kəsilir” cavabını verirlər. Naqillərin hədsiz yüklənməsinə səbəb məhz təbii qazı olmayan mənzillərdə elektrik isidicilərinə üstünlük verilməsidir.
Heç olmasa sakinlər qaz balonları ilə rəftar qaydalarını bilirlərmi?
"Azəriqaz”ın sabiq idarə rəisi Nüsrət Qasımov hesab edir ki, bununla bağlı sakinlər arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var:
- Birincisi, gərək sakinlər təhvil alınmamış binaya köçməsin. Əlaqədar qurumlar da buna icazə verməməli, göz yummalıdır. Yaşayış binalarının qazlaşdırılması üçün lazım olan sənədlər MTK sahibi tərəfindən toplanaraq "Azəriqaz”a təqdim olunmalıdır. Bu sənədlərə layihə-smeta sənədlərinin əsli, tikinti işlərini aparmış şirkətin lisenziyasının surəti, xarici və daxili qaz kəmərlərinin istismara qəbul aktları və s. daxildir. Qaz kəmərlərinin tikinti pasportları (layihədə nəzərdə tutulubsa, qaztəmizləyici qurğunun tikinti pasportu), məişət qaz sayğaclarının mənzillər üzrə siyahısı olmalıdır.
Hər bir MTK sahibi inşa etdiyi binanı tam hazır vəziyyətdə, mülkiyyəti təsdiqləyən sənədlə satmalıdır. Ancaq reallıqda bunun əksini görürük. Bina sahibləri qaz xətlərini çəkmir, sayğacları quraşdırmırlar. Onlar sakinlərin haqlı iradlarından yayınmaq üçün günahı başqa qurumların üzərinə yönəldirlər. "Azəriqaz” isə əksinə, binalara qaz verilməsində maraqlıdır.
N.Qasımov vurğuladı ki, yeni tikilən binada bütün mühəndis qurğuları, qaz, işıq, kanalizasiya, isitmə xətləri çəkiləndən sonra bina aktla qəbul olunmalıdır. Sakinlər də binaya köçməyə tələsməməlidir. Təəssüflər olsun ki, bizdə belə deyil. Adamlar özləri tələm-tələsik köçürlər ki, qalmağa yerim yoxdur. Binanın tam hazır olmasını gözləmirlər, sonra da problemlər ortaya çıxanda, hara, kimə müraciət edəcəklərini bilmirlər.
Mənzildə təhlükəsizlik qaydalarına əməl edilməyibsə, partlayışlar da, qəzalar da istisna edilmir. Qaz təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Qaz kəmərinin balkon və pəncərə altından keçdiyi yerdə birləşmə olmamalı, kəmər elektrik rozetkası və elektrik açarına qədər ən azı 50 sm. məsafədə olmalı, ventil - əsas bağlayıcı açar binadan xaricdə quraşdırılmalıdır. Qaz kəməri elə çəkilməlidir ki, o, başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağandır. Birinci növbədə yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq havada çəkilməlidir. Qazın plitəyə verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır. Qaz plitəsi qurulan mətbəxin hündürlüyü 2,2 metrdən az olmamalı, mətbəxin pəncərəsi açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir. Qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlərində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz plitələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Elə buna görə də, mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, heç bir elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları cərəyana qoşmaq və ayırmaq olmaz. Açıq oddan istifadə etmək, siqaret çəkmək də qaz dolmuş yerlərdə partlayış və yanğına səbəb ola bilər. Qazın sızması da müxtəlif səbəblərdən ola bilər. Qaz cihazındakı kran açıq qalar, keyfiyyətsiz balonlar qaz sızdıra bilər. Düzgün quraşdırılmaz və sızma əmələ gələr və s. Qaz plitəsindən istifadə edib qurtardıqdan sonra plitənin bölüşdürücü lövhəsindəki kranı və plitədən kənarda olan qaz kəmərinin üzərindəki kranı bağlamaq lazımdır. Plitə, xüsusən onun odluqları daim təmiz saxlanmalıdır. Plitənin üzərində paltar və s. qurutmaq qəti qadağandır. Qaz balonlarından yalnız havası ventilyasiya olunan otaqlarda istifadə etməli, balon istilik mənbəyindən, günəş şüasından kənarda saxlanmalı, fiziki təzyiqlərdən qorunmalıdır. Korroziyadan qorumaq üçün balonları yaş yerdə və ya nəm torpaq üzərində saxlamaq olmaz. Alov vasitəsilə balonun qaz buraxmasını yoxlamaq olmaz. Balonları qızdırmaq olduqca təhlükəlidir - bu, partlayışla nəticələnə bilər. Qaz buraxan və ya birləşmələrində qüsuru olan qaz balonlarından istifadə edilməməlidir.
Məlahət Rzayeva