17 maddəlik mətn sülh sazişinin yekun yox, çərçivə sazişindən ibarət ola bilər
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərə cavab kimi Azərbaycana ünvanladığı təkliflərdə hər şey erməni maraqları kontekstində əks olunub. Lakin İrəvanın 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 maddədən birini, Bakının əsas tələbini qəbul etməsi reallığı da ortadadır. İrəvan hökuməti beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək və ATƏT-in Minsk qrupunu buraxmaq niyyətindədir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a bildirib ki, birinci məsələ sülh sazişi mətninə daxildir, ikinci məsələ Bakının əsas tələblərindən biridir. Ekspertin sözlərinə görə, hərçənd, erməni baş nazir birinci məsələni “beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək” formasında təqdim etməklə mötərizə də açıb:
"Bütün iddialardan imtina edilməsi deyəndə Nikol daha çox “ərazi iddiası” kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur. Lakin 17 maddədən biri – üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması (Avropa İttifaqı “müşahidə missiyası”) - açıq olaraq qalır. Nikol təkliflərində buna toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyan son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu. “90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı” təklif edən Paşinyan bununla razılaşdırılmadan maddəni arxa plana keçirmək istəyir. Halbuki hər şey 17 maddəlik mətndən ibarət deyil. Danışıqların gündəliyi daha genişdir. 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər. Bütün bunların fonunda “2025-ci ildə sülh sazişi imzalana bilərmi” sualı aktuallaşır. İndiyə qədər danışıqların gündəliyi və atmosferini geosiyasi proseslər müəyyən edirdi. Sülh sazişi mətninin 17 maddə çərçivəsinə salınması da bunun nəticəsi idi. Bundan sonra hadisələrin inkişafının üç məqamdan - Bakı və İrəvan danışıqlarının atmosferinin necə olacağından, sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşmasından və geosiyasi proseslərin inkişafı və regiona təsirindən asılı olacağı görünür. Bu üç məqamın arasında ən həlledici olan sonuncu - geosiyasi hadisələrin inkişafıdır. Xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri əhəmiyyətlidir".