Erməni lobbisindən bəslənən bu adamların bundan sonra Cənubi Qafqazda sülh proseslərini əngəlləmək cəhdləri getdikcə sıfırlanacaq
XII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır. Ölkəmizdə XII Qlobal Bakı Forumunun keçirilməsi də Azərbaycanın qlobal problemlərin müzakirə olunduğu mərkəz kimi statusunu gücləndir.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlı tərəfdaş kimi qəbul edir.
Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində dərin məzmunlu çıxış edərək dünyada, o cümlədən regionumuzda baş verən proseslər haqqında fikirlərini ifadə edib.
Azərbaycan Prezidenti çıxışında hazırda regionumuzun əsas problemi olan sülh məsələsinə toxunub. “Biz regionda sülhə yaxınıq. Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə “Sherg.az"a açıqlamasında bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında intensiv müzakirə edilir:
“Dövlətimizin başçısının dediyi kimi, demək olar ki, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Əlbəttə, işğalçı bir ölkə ilə, 613 insanın - 100-dən artıq qadın və o cümlədən 60 uşağın qətlə yetirildiyi Xocalı soyqırımını törətmiş təcavüzkar qonşu ilə normal münasibət qurmaq, sülh danışıqları aparmaq elə də asan deyil. Lakin Cənab Prezident bildirdi ki, biz gələcəyə baxmalıyıq və Cənubi Qafqazda sülh qurmalıyıq. Bu, regionun bütün xalqları üçün vacibdir”.
Komitə sədri deyib ki, bu gün Cənubi Qafqazın sülh və sabitlik adasına çevrilməsi hamı üçün prioritet olmalıdır: "Bu kontekstdə dövlətimizin başçısı onu da qeyd etdi ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin birbaşa müəllifidir. Lakin o da qeyd olundu ki, Ermənistan tərəfi bir tərəfdən sülh tərəfdarı kimi çıxış etsə də, digər tərəfdən isə silahlanmaya davam edir. Ermənistana göndərilən məhvedici silahlar bizə qarşı yönəlir.
Bu gün Fransadan, Hindistandan göndərilən silahlar bilavasitə sərhədlərimizdə yerləşdirilir. Lakin Avropa İttifaqının (Aİ) Ermənistandakı "mülki" müşahidə missiyası isə bütün bunları görməzdən gəlir. Sözügedən Aİ missiyası Ermənistanın silahlanmasının qarşısının alınması üçün səy göstərmək əvəzinə, sərhədlərimizdə casusluqla məşğul olur. Bu məsələyə toxunan Prezident İlham Əliyev haqlı olaraq Aİ missiyasını kəşfiyyat missiyası adlandırdı: "Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə, haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”.
Prezident həmçinin erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən də danışdı. Daha konkret desək, İlham Əliyev onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçiləri açıq şəkildə ifşa etdi. Söhbət ilk növbədə Adam Şif, Frank Pallone, Nensi Pelosi kimi nüfuzlu ermənipərəst konqresmenlərdən gedir. Bu adamların və o cümlədən Robert Menendes kimi rüşvətxorların, USAİD kimi təşkilatların pozucu fəaliyyətləri uzun illər boyu Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olub. Dövlətimizin başçısı da çıxışında bu məqamlara toxundu: “Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAİD ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.
Əlisahib Hüseynov onu da deyib ki, hazırda reallıqlar sürətlə dəyişir və robert menendeslərin, adam şiflərin, frenk pallonelərin, nensi pelosilərin pozuculuq, şantajçılıq erası artıq başa çatır:
"Erməni lobbisindən bəslənən bu adamların bundan sonra Cənubi Qafqazda sülh proseslərini əngəlləmək cəhdləri getdikcə sıfırlanacaq. Prezident İlham Əliyevin ermənipərəst siyasətçiləri ifşa etməsi onların qərəzli əməllərinin layiqli cavabıdır".