Ərdoğan-Baxçalı yönətimi olduqca riskli bir yola çıxıb -AKTUAL

Terrorun siyasi çözüm yoluyla aradan qaldırılması prosesi gözləntiləri doğrultmaya da bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı arasında görüş baş tutub. Görüş Baxçalının evində keçirilib. Görüşdə “Terrorsuz Türkiyə” hədəfi ilə bağlı yol xəritəsi müzakirə olunub. Terrorla mübarizə ilə yanaşı, regional hadisələr, xüsusilə də Suriyadakı yeni dövr müzakirə edilib. Görüş 40 dəqiqədən artıq davam edib.

Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, rəsmi Ankara terrorun kökünü kəsmək üçün tam gücüylə hərəkətə keçib və bunun üçün iki istiqamətdə - həm lokal antiterror əməliyyatlarını davam etdirməklə, həm də siyasi çözüm yolu ilə ("demokratik açılım") intensiv iş aparılır:
 "MHP lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın silahı yerə qoymaq çağırışı və əfvi üzərindən terrora dinc yolla son qoyulması ilə bağlı məlum təklifi artıq real prosesə çevrilməkdədir. Öcalanla İmralıda görüşən nümayəndə heyəti son günlər TBMM-də təmsil olunan partiya rəhbərləri ilə görüşlər keçirir. Bəziləri 30 min türkün qanını tökən bir terrorçubaşı ilə danışığa getməyi AKP və MHP-nin təmsil olunduğu hakim "Cümhur İttifaqı"nın türk millətinə və dövlətinə xəyanəti kimi qiymətləndirir, digərləri isə bunun terrorun tam yoxa çıxarılması üçün ortaya qoyulmuş yeni siyasi kurs, ardıcıl və prinsipial bir xətt olduğunu düşünür. 
Göründüyü kimi, fikirlər və mövqelər ciddi şəkildə haçalanır. Hazırda Türkiyədə siyasi polemikaların və qarşılıqlı ittihamların hərarəti günü-gündən artmaqdadır. Çünki Ərdoğan-Baxçalı yönətimi, doğrudan da, olduqca riskli bir prosesə rəvac verib. Bəzilərinə görə, terrorun siyasi çözüm yoluyla aradan qaldırılması prosesi gözləntiləri doğrultmaya da bilər. Lakin bütün mümkün risklərə və təhdidlərə rəğmən, Türkiyə dövləti PKK-nın və onun törəmələrinin (YPG, PYD) kökünü qazımağa, onları tam olaraq sıradan çıxarmağa qərar verib. Ümid edək ki, nəticələr qardaş Türkiyə üçün gerçəkdən də xeyirli-uğurlu olacaq. Türkiyə terroru beşiyində gömərsə, Türk dünyasına qarşı bir çox xain planların da üzərindən xətt çəkilmiş olacaq".