Azərbaycanlı biznesmen erməni arvadı ilə birlikdə İŞİD-ə qoşulub. Belə ki, 28 yaşlı Moskva sakini Mariya Samoylovanın atası qızının azərbaycanlı əri ilə birgə İŞİD-ə qoşulduğunu iddia edərək polisə ərizə ilə müraciət edib. Azərbaycandan olan biznesmen Yuri İsmayılovla müsəlman adətləri ilə evlənən və rəsmi nikahı olmayan Mariya, ərinin qohumlarının yaşadığı Azərbaycana gedəcəyini bildirsə də, ondan iki aydır xəbər yoxdur.
Lakin Rusiya ilə qonşu ölkə olan Azərbaycana Türkiyədən keçib getmək fikri Mariyanın atası Artur Mkrtumyanda şübhələr yaradıb. Artur qızının əri ilə İŞİD-ə qoşulduğunu iddia edib. Məlumat üçün bildirək ki, İsmayılovun erməni həyat yoldaşı bir müddət öncə müsəlman olub.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist İlqar Altay "Şərq”ə deyib ki, bütün məhdudiyyətlərə və dünya birliyi tərəfindən göstərilən təzyiqlərə baxmayaraq, İŞİD-in tərkibində vuruşanların sayı azalmaq əvəzinə, artıb: "Terrorçu qruplaşmanın tərkibi 10 minlərlə insanı əhatə edir. Göründüyü kimi, burada islam dini və cihad faktoru da əsas rol oynamır. Çünki qruplaşmaya dünyanın ən müxtəlif bölgələrindən, hətta islama aid olmayan toplumlardan axışıb gələnlər var. İŞİD-ə qoşulanlar sadəcə imkansızlar deyil. Müşahidələr göstərir ki, terrorçuların sıralarına zənginlər, iş adamları, gənclər, qocalar, qadınlar və milliyətindən asılı olmayaraq əksər xalqların nümayəndələri də cəlb olunur. Bəs onları başkəsənlərin sırasına qoşan amillər nələrdir? Düşünürəm ki, burada əsas cəlbedici faktor İŞİD-in öz qeyri-adi daxili qaydalarıdır. Yəni qruplaşmanın sərt və qəddarlığı, bütün dünyaya qarşı tam fərqli baxışı, özbaşına, ziddiyətli məkan yaratmaq mövqeyi maddi vəziyyətindən və milli kimliyindən asılı olmadan insanları özünə meyl etdirir. Bu da psixoloji cəhətdən dünyanın bir çox ölkə və cəmiyyətlərində özünə yer, mövqe tapa bilməyən, cəmiyyətin sanki tullantısı hesab edilən, çıxdaş sayılan küskün insanların İŞİD sıralarına üz tutmasına gətirib çıxarır. Burada sanki normal cəmiyyətlərdə olmayan bir avara azadlıq duyğusu, vəhşi şərait mövcuddur. Bu da zəif xarakterli insanlar üçün əlverişli mühit hesab olunur”.
Ekspertin sözlərinə görə, İŞİD-in isə siyasəti "kim olursa-olsun, təki sıramıza qoşulsun”dur: "Əsas tələb olunan tərəddüd etmədən baş kəsməkdir. Biznesmen olsun, ya xristian erməni olsun, onlar üçün fərq etmir. İŞİD təşkilatı terror xislətini qəbul edən istənilən adamı qısa müddət ərzində "müsəlman” edir və onlara amansızlıq dərsi, öldürmə təlimi keçir. Ona görə də bu məsələnin yeganə həlli bütün dünyanın birləşib İŞİD-in kökünü kəsməkdir. Əks halda qruplaşmaya olan insan axınının qarşısını kəsmək çətin olacaq”.
İsmayıl